Beş cüdoçumuz Budapeştdə tatamiyə çıxacaq

13.09.2026 10:52 0
İdman
Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.

"Football-plus.az" xəbər verir ki, yarışın son günündə beş təmsilçimiz tatamiyə çıxacaq.

90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov ilk raunddan azaddır. 100 kq-da çıxış edən Əjdər Bağırov da mübarizəyə ikinci mərhələdən başlayacaq.

+100 kq çəki dərəcəsində Camal Qamzatxanov ilk görüşündə serbiyalı İqor Vraçarla, Kənan Nəsibov isə rusiyalı Artyom Zolotuxinlə qarşılaşacaq.

Qadınların yarışında +78 kq çəki dərəcəsində çıxış edən Mədinə Qaysınova ilk görüşünü Belçika təmsilçisi Qabriel Buyve ilə keçirəcək.

İki yarış günündən sonra millimizin aktivində iki medal var. Rəşid Məmmədəliyev (73 kq) qızıl medal qazanıb, Vüsal Qalandarzadə (81 kq) isə bürünc mükafata sahib çıxıb.