Çobanın könlü olsa... - KÖŞƏ

10.09.2026 13:15 0
Yazarlar / Manşet
Gözümüzü açdıq-yumduq, premyer-liqanın 4-cü turu da arxada qaldı. Üç dövrədən ibarət çempionatda dörd tur qüvvələr nisbətini müəyyənləşdirmək, ciddi mühakimələr yürütmək, dərin təhlillər etmək üçün yetərsiz görünə bilər. Amma illərdi Azərbaycan futbolunun içindəyik. Yalan olmasın, futbolçusunu da, məşqçisini də, hətta klub rəsmilərini də yaxşı tanıyırıq. Ona görə də kimin nəyə qadir olduğunu, kimin hansı məqsəd uğrunda mübarizə apardığını və yaxud da aparacağını yaxşı bilirik. Geridə qoyduğumuz dörd tur da bu qənaəti möhkəmləndirmək üçün müəyyən əsaslar verdi.

Başlayaq “Zirə”nin lider kürsüsünü təhvil verməyindən. Rəşad Sadıqovun həm futbolçu, həm də məşqçi kimi bizim futbolda ciddi bir xarizması var. Futbolçu kimi bacarığı və topladığı təcrübə də onun məşqçi kimi formalaşmasında böyük rol oynayıb. “Zirə”nin “sükanı arxasında” müəyyən uğurlar qazanıb, qəsəbə təmsilçisini daim iddialılar arasında saxlamağı, avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparmağı, kubokda finala qədər yüksəlməyi də bacarıb. Amma hər dəfə həlledici uğur üçün “nəsə” çatmayıb. Həmin o “nəsə”nin də nə olduğunu biz yaxşı bilirik. “Zirə”nin maliyyə imkanlarının bir çərçivəsi olduğu kimi, futbolçularının da səviyyəsi bir mərhələyə qədər mübarizə aparmağa imkan verir. Bundan o tərəfi isə mümkün olmur. Elə “Neftçi”yə ciddi fürsət vermədən, onu məğlub edən və bundan sonra liderliyə yüksələn “Zirə”nin Masazırda göydən yerə enməsinin də səbəbi bu idi. Qəsəbə təmsilçisi ardıcıl dörd oyunu yüksək səviyyədə keçirməyə, “Sabah” kimi rəqiblə bababaş mübarizə aparmağa hazır deyil. Bəlkə də bu mövsüm heç hazır da olmayacaq.

“Sabah”dan söz düşmüşkən, son çempion yeni mövsümün də qızıl medallarını qazanmağa əsas iki namizəddən biridi. “Qarabağ”ın “Sabah”a “təhvil verdiyi” mövqeni geri alması üçün iki vacib şərt var. Birincisi “Qarabağ”ın bu yay heyətə qatdığı futbolçuların özünü doğrultması və uyğunlaşma dövrünü sürətlə keçməsi. “Köhnələr”dən, demək olar ki, çox az futbolçu qalıb. Deməli, “Qarabağ”ın dəbi məhz yenilər müəyyənləşdirəcək. Tərcümeyi-halı pis görünməyən futbolçulardan təcrübəli “dirijor” Qurban Qurbanov “vahid orkestr” yaratmalıdır. “Araz Naxçıvan”la oyun “köhlən atlar”ın bu yolla irəlilədiyini göstərdi. Amma mənzil başı hələ uzaqdadı. Məqsədə çatmaq üçün intensiv çalışmaq vacibdir. Burda da Qurban Qurbanovun məşqçi kimi sahib olduğu keyfiyyətlər və illərlə yığdığı təcrübə böyük rol oynayacaq. İkinci vacib şərt isə “Sabah”ın qarşıdakı ağır perioddan necə çıxacağı, “iki cəbhə”də aparmağa nə qədər güc çatdıracağıdı. Məşhur təmsildə “dərisi soyulmuş qurddan” dərs alan tülkünün nümunəsində olduğu kimi, “Sabah” “Qarabağ”ın başına gələnləri göz önünə alıb, düzgün strategiya qurmalıdı. Yoxsa fəsadlar qaçılmaz olacaq.

Hazırda ilk “beşlik”də yer alan və mükafatlar uğrunda yarışacağını gözlədiyimiz “Turan Tovuz”la “Neftçi”nin ötən mövsümdən bəri çox da dəyişmədiyini görürük. Şair demiş, dünya köhnə dünyadı, sevgiləri təzədi. İndi mövsüm təzə olsa da, “Neftçi” ilə “Turan Tovuz”un dərdi eynidi. Biri transferlərdəki səbatsızlıqdan, düzgün olmayan seçimlərdən, heyətin vaxtında formalaşdırılmamasından əziyyət çəkir. Digəri Kurban Berdıyevin zamanla səsləşməyən, köhnəlmiş məşqçi fəsləfəsindən. Bu problemlərdən can qurtarmadıqca, “Neftçi” ilə “Turan Tovuz”un çempionluq yarışına qoşulması, “Sabah”la “Qarabağ”ın mübarizəsinə müdaxilə etməsi inandırıcı görünmür.

Sonda məhsuldarlıq məsələsinə də toxunaq. 3-cü turda 12 komanda 6 oyunda cəmi beş qol vurmuşdu. Bu da yetərincə düşündürücü və çempionatın baxımlılığına, marka dəyərinə mənfi təsir göstərən məqam idi. Həm mətbuat, həm də azarkeşlər “qol qısırlığını” qınadı. 4-cü turda məhsuldar qarşılaşmalar izlədik, bütün oyunlar baxımlı qollarla gözəlləşdi. Qapılara vurulan 26 qol da son illərin rekordu oldu. Deməli, çobanın könlü olanda təkədən pendir tutursa, bizimkilər də istəyəndə qol vura bilirlər. Kaş həmişə belə olsun. Nazim Süleymanov demişkən, futbolun meyvəsi qoldu. Çalışıb o meyvədən tez-tez dadmaq lazımdı.

AMAL