Premyer-liqanın 12-ci turu çərçivəsində Şamaxıda “Araz-Naxçıvan”ın qonağı olan "Neftçi" 3:1 hesabıyla qalib gəldi.
Oyundan sonra “Neftçi”nin baş məşqçisi Yuri Vernidub mətbuat konfransı keçirdi:
- Qalib gəldiyimiz üçün sevinirəm. Düzdü, “Araz-Naxçıvan” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Amma düşünürəm ki, bu komanda layiq olduğu mövqedə deyil. Bu gün süni örtüklü meydançada oynadıq. Rəqibimiz isə burda mütəmadi çıxış edir. Bəzi epizodlarda məhz meydançanın örtüyünə görə topa nəzarəti itirirdik. Məni məyus edən əsas məqam buraxdığımız qol oldu. Hazırda elə vəziyyətdəyik ki, belə səhvlərə yol verə bilmərik. Hesabı qorumağımız lazım idi. Bu səhvlərdən nəticə çıxaracağıq. Fürsətdən istifadə edib azarkeşlərimizə də təşəkkür edirəm. Onlar hər zaman yanımızdadılar.
– Klismanın vurduğu möhtəşəm qolu necə dəyərləndirərdiz?
– Belə qollar haqqında yalnız xoş sözlər söyləmək olar. Xüsusilə də nəzərə alsaq ki, bu, qarşılaşmada vurulan ilk qol idi. Məni daha çox sevindirən məqam onun cari mövsümdə artıq 6-cı qolunu vurmasıdı. Buna görə onu təbrik edirəm.
– Növbəti turda bu mövsüm yeganə məğlubiyyətinizi aldığınız “Zirə” ilə qarşılaşacaqsız. Həmin oyuna revanş hissiylə çıxacaqsız?
– Buna revanş deməzdim. Amma üç xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Əlavə nəsə demək istəmirəm. Bu qarşılaşmaya ciddi hazırlaşacağıq.
İSRAYIL XEYRULLAYEV
“Elə vəziyyətdəyik ki, belə səhvlərə yol verə bilmərik” - Yuri Vernidub
Ölkə futbolu / Manşet





