Bu məlumatı “Prosport.az” saytı yayıb. Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlandığından, "Azərsun Arena" isə avrokubok matçlarını keçirmək üçün tələblərə tam cavab vermədiyindən, "Qarabağ" BOS-da oynamağa razılıq verib.
Məsələ ilə bağlı arenanın mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə ilə əlaqə saxladıq. Qurum rəsmisinin “Football-plus.az”a açıqlaması belə oldu:
“Qarabağ” bizimlə əlaqə yaradaraq meydanın vəziyyəti və qarşıdakı aylarda stadionun əlçatanlığı barədə məlumat alıb. Lakin birinci mərhələdən etibarən oyunların burda keçirilib-keçirilməyəcəyini deyə bilmərəm. Rəsmi müraciəti qəbul edib müqavilə bağladıqdan sonra daha dəqiq məlumat verə biləcəm”.
Gördüyünüz kimi, “köhlən atlar” BOS-a müraciət edib. Lakin “Qarabağ”ın avrokubok oyunlarını burda keçirib-keçirməyəcəyi bəlli deyil. Məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub. Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsindəki görüşlərini “Azərsun Arena”da keçirəcək. Bundan sonrası isə müəmmalıdı. Tofiq Bəhramov adına Respublika stadionu hazır olarsa, 3-cü təsnifatda və pley-offdakı oyunlar burda baş tutacaq. Əks təqdirdə isə “Qarabağ” BOS-dan istifadə edəcək.
İLKİN SULTANLI


