Bəzən bir qapıçı, sadəcə, qapını qoruyan futbolçu olmur. Onun adı bir dövrün, bir tarixi uğurun və azarkeşlərin yaddaşında qalan xüsusi anların ayrılmaz hissəsinə çevrilir. Mateuş Koxalski də “Qarabağ”dakı qısa, amma mənalı macərası ilə məhz belə futbolçulardan oldu.
2024-cü ilin avqustunda 900 min avro müqabilində “Qarabağ”a transfer olunan polşalı qapıçı “köhlən atlar”ın heyətində olduğu müddətdə komandanın tarixində xüsusi səhifənin yazılmasına şahidlik etməklə kifayətlənmədi, həmin səhifəni yazanlardan birinə çevrildi. “Qarabağ” məhz onun qapını qoruduğu dönəmdə tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsindən pley-offa yüksəldi.
2024/25 mövsümündə polşalı qapıçı “Qarabağ”ın Çempionlar Liqasının pley-offunda Zaqreb “Dinamo”su ilə qarşılaşmasında meydana çıxdı. Növbəti mövsüm isə artıq “Qarabağ”ın qəhrəmanlarından birinə çevrildi.
Koxalski Çempionlar Liqasının əsas mərhələsində “Benfika”, “Kopenhagen”, “Atletik”, “Çelsi”, “Napoli”, “Ayaks”, “Ayntraxt” və “Liverpul” kimi nəhənglərə qarşı qapını qorudu. Daha sonra “Nyukasl”la pley-off matçlarında da “Qarabağ”ın sonuncu ümidi məhz o idi.
Həmin oyunlar arasında xüsusilə “Benfika” səfərindəki 3:2-lik qələbə və “Kopenhagen” üzərindəki 2:0 hesablı zəfər xüsusi qeyd olunmalıdı. “Kopenhagen”lə görüşdə qapısını toxunulmaz saxlayan Koxalski həm “Qarabağ”ın tarixinə düşdü, həm də ÇL tarixində bunu bacaran 15-ci polşalı qapıçı oldu.
“Qarabağ”ın Avropanın ən böyük səhnəsində “Benfika”nı məğlub etdiyi, “Kopenhagen”i keçdiyi, “Ayaks” və “Napoli” kimi komandalarla üz-üzə gəldiyi həmin gecələrdə Koxalski də qapıda öz tarixini yazırdı. Hətta “Ayaks”la qarşılaşmada onun qurtarışlarından biri turun ən yaxşıları sırasında yer aldı.
Bəlkə də rəqəmlər hər şeyi ifadə etmir. Amma bir qapıçının Avropa nəhəngləri ilə oyunlarda “Qarabağ”ın qapısını qoruması belə onun bu klubun tarixində hansı iz buraxdığını göstərir.
2024/25 mövsümü
premyer-liqa: 17 oyun, 11 “quru” oyun
Avropa Liqası: 6 oyun, 15 buraxılan qol
Azərbaycan kuboku: 4 oyun, 4 buraxılan qol, 2 “quru” oyun
Çempionlar Liqası: 1 oyun, 2 buraxılan qol
2025/26 mövsümü
premyer-liqa: 22 oyun, 20 buraxılan qol, 7 “quru” oyun
Çempionlar Liqası: 15 oyun, 35 buraxılan qol, 3 “quru” oyun
Azərbaycan kuboku: 4 oyun, 3 buraxılan qol, 1 “quru” oyun
2026/27 mövsümü
Avropa Liqası: 4 oyun, 4 “quru” oyun
Konfrans Liqası: 1 oyun, 1 buraxılan qol
premyer-liqa: 2 oyun, 1 buraxılan qol, 1 “quru” oyun
Koxalski artıq “Qarabağ” formasını geyməyəcək. 26 yaşlı qolkiper Krakovun “Vyeçista” klubuna keçəcək. Transfer məbləğinin 500 min avro olacağı iddia edilir. Qış transfer pəncərəsində Dortmund “Borussiya”sı da ona maraq göstərib. Həmin vaxt “Qarabağ”ın qapıçı üçün təxminən 7 milyon avro tələb etdiyi bildirilirdi. Polşalı qolkiper isə premier-liqada oynamaq arzusunda olduğunu açıqlamışdı.
İSRAYIL XEYRULLAYEV
Koxalski “Qarabağ”a 900 min avroya gəldi, nə ilə getdi?
Ölkə futbolu / Manşet






