Bir problemdən qurtuldu, digərinə görə cəzalandı

8.09.2026 10:45 81
Dünya futbolu
Raul Asensio iki gün ərzində fərqli hisslər keçirib. O, çərşənbə günü cəzalandığını öyrənib, cümə axşamı isə sevindirici xəbərlə təsəlli tapıb.

"Football-plus.az" xəbər verir ki, “Real”ın oyunçusu sərxoş halda avtomobil idarə etdiyinə görə cəzalandırılıb. İspaniya mətbuatı onun avqustun 16-da San Bartolome de Tiraxanada yol polisi tərəfindən saxlanıldığını və alkoqol testinin nəticəsinin müsbət çıxdığını xəbər verib. Məhkəmənin qərarına əsasən, Asensionun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılıb. Bundan başqa, ona 4 ay ərzində hər gün 120 avro olmaqla cərimə kəsilib. Bu isə ümumilikdə təxminən 14400 avro edir.

Asensionu daha bir məhkəmə prosesinin gözlədiyi də məlum idi. O, yetkinlik yaşına çatmayan şəxsin də yer aldığı seksual məzmunlu videonun yayılması ilə bağlı iş üzrə sentyabrın 3-ü, 4-ü və 7-nə təyin olunan məhkəmə iclaslarında mühakimə olunacaqdı. Raul cümə axşamı keçirilən ilk iclasdaca bəraət alıb. Hakim ona yönələn iddianın əsassız olduğunu açıqlayıb.