Yığmamızın Millətlər Liqasında keçirəcəyi oyunlara bir aydan az vaxt qaldı. Ölkənin əsas komandası oktyabrın 1-i, saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynlə, 4-ü, saat 18.00-da “Palms Sports Arena”da isə Litva ilə qarşılaşacaq.
Düzdü, əslində sonuncu matç yenidən qurulan Gəncə şəhər stadionunda keçirilməliydi. Lakin AFFA-nın srağagün yaydığı məlumata görə, görüşün ilkin olaraq Gəncədə olması ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılan əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb. Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb. AFFA-nın daha bir məlumatına görə, dəyişiklik Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil.
...“Şamaxı”dan ayrılandan sonra bütün diqqətini yığmamıza yönəldən baş məşqçi Ayxan Abbasov millinin direktoru İlqar Qurbanovla birgə tez-tez stadionlarda görünür. Özü də təkcə ölkəmizdə yox, həm də legioner həyatı yaşayan futbolçularımızın yanında. Belə səfərlərdən biri bu yaxınlarda başa çatdı. Onlar “Bursaspor”da çıxış edən Toral Bayramovun “Karagümrük”ə qarşı oyununu canlı izlədilər.
Maraqlıdı, bəs, milli üzvləri hazırda necə mövsüm keçirir? İşləri qaydasındadımı? Yığmaya dəvət olunacaqları halda, faydalı ola bilərlərmi? Bu suallara cavab tapmaq məqsədilə son toplanışda yığmanın düşərgəsinə dəvət edilən oyunçuların indiki vəziyyətinə nəzər saldıq. Sizi əldə etdiyimiz bilgilərlə tanış edirik.
Xatırladaq ki, Ayxan bəy mayda təşkil olunan Avstriya toplanışına 28 futbolçu çağırmışdı. Onlardan 6-sı legioner həyatı yaşayırdı. İndi durum fərqlidi. Daha doğrusu, xarici çempionatlara üz tutan futbolçuların sayında artım var. Ətraflı bəhsə gəlincə, qapıçə mövqeyi ilə bağlı narahatlıq yoxdu. Düzdü, Rza Cəfərovla (Neftçi) Şahruddin Məhəmmədəliyev (Qarabağ) forma şansı qazana bilmir. Lakin müntəzəm forma geyən Emil Balayev (Neftçi) ümidləri böyük ölçüdə doğruldur.
Müdafiəçilərdən Bədavi Hüseynov (Qarabağ), Rahil Məmmədov (Turan Tovuz), Rüfət Abbasov, Elvin Bədəlov (hər ikisi “Neftçi”), Rəhman Daşdəmirov, Tellur Mütəllimov (hər ikisi “Sabah”), Qismət Alıyev (Zirə) və Anton Krivotsyukla (“Daejon Hana”, Koreya) bağlı hansısa çatışmazlıq hiss olunmur. Kirvotsyuk cari mövsümdə 16 oyunda 1276 dəqiqə oynayıb və 1 qol vurub. Cəlal Hüseynovla (Petrolul) Toral Bayramov (Bursaspor) isə yetərincə şans qazanmır. Rumıniya çempionatında forma geyən Cəlal bu mövsüm keçirdiyi 5 matçda cəmi 123 dəqiqə, Türkiyənin 1-ci liqasında tər tökən Toral isə 3 oyunda cəmi 109 dəqiqə çıxış edib. İş ondadı ki, əməliyyat olunan Elvin Cəfərquliyev (Qarabağ) üç ay yaşıl meydanlardan uzaq qalacaq. Böyük ehtimalla, bu dəfə Ayxan bəy zədə üzündən son toplanışdan kənarda qalan Bəhlul Mustafazadəni də çağıracaq.
Orta sahəyə gəlincə, Emin Mahmudov, Emil Səfərov (hər ikisi “Neftçi”), Rəhim Sadıxov, Ayxan Hüseynov (hər ikisi “Turan Tovuz”), Abdulla Xaybullayev və Aleksey İsayev (hər ikisi “Sabah”) start heyətinin daimi üzvləri sırasındadı. Əslində Səbuhi Abdullazadəni (Sumqayıt) də bu siyahıya qatmaq mümkün idi. Lakin “Neftçi” ilə matçda əsəblərini cilovlaya bilməyən kapitan qapını yumruqlayaraq özünə xəsarət yetirdi və əməliyyat olunandan sonra 5 ay yaşıl meydanlardan uzaqda qalacağı üzə çıxdı. Rüstəm Əhmədzadə (Sumqayıt) hələ yalnız “Qarabağ”a qarşı oyunun 30-cu dəqiqəsində meydana çıxıb. Vüsal İsgəndərlinin (“Malişevo”, Kosovo) durumu daha qaneedicidi. Belə ki, o, 4 Konfrans Liqası oyununda 200 dəqiqə meydanda olub, 1 məhsuldar ötürməyə imza atıb. Ölkə çempionatında isə cəmi 1 oyun keçirib. O, 3-cü tur matçında mübarizəyə start heyətində başlayıb. Futbolçunun əvvəlki turlarda şans qazanmaması zədə ilə bağlı olub. Bu arada son toplanışdan kənarda qalan Coşqun Diniyev klubsuzdu. Görünür, bu dəfə də milliyə dəvət almayacaq.
Hücumçulara baxaq. Nəriman Axundzadə (“Ərzurumspor”, Türkiyə) icarə əsasında forma geydiyi komandada keçirdiyi 3 matçda cəmi 55 dəqiqə meydanda olub. “Kolambus Kryu”da heç cür şans qazanmağa nail ola bilməyən futbolçu burda hələ məhsuldar hərəkətə imza atmayıb. Bu ilin mayında Polşa “Motor”undan ayrılan Renat Dadaşov hələ yeni iş yeri tapa bilməyib. Xəyal Əliyev (Sabah) fərdi məşqlərlə məşğuldu.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun verdiyi məlumata görə, futbolçunun düşərgəyə qoşulacağı tarix hələ məlum deyil. Belədə yeganə ümidimiz Mahir Emrelidi! Bəli, onun 2-ci bundesliqada – “Kayzerslautern”dəki işləri qaydasında deyildi. Lakin “futbol ili”nin əvvəlində Polşa çempionatına qayıdan - “Rakuv”a keçən hücumçu burda meydan sulayır! O, Konfrans Liqasında 6 oyunda 477 dəqiqə tər töküb, 3 qol vurub. Çempionatda keçirdiyi 5 görüşdə isə 309 dəqiqə meydanda olub, 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövqe üçün Musa Qurbanlının yenidən yığmaya çağrılacağını proqnozlaşdıra bilərik.
Beləliklə, ümumi mənzərəyə baxsaq, vəziyyəti qənaətbəxş saymaq çətindi. Milli xüsusən hücum xəttində “axsayır”. Ancaq Ayxan Abbasovun yeni simalara üz tuta biləcəyini də deməliyik. Hər halda, son toplanışda çıxış edən heyətdə ciddi itkilər və artıq şans qazanmayan xeyli oyunçu var. Allah köməyin olsun, milli!
KƏNAN BAHADIR
P.S. Yazı ötən həftə qələmə alınıb. Bu səbəbdən, futbolçuların son oyunlardakı göstəriciləri qeydə alınmayıb.
Milli komandanı gözləyən təhlükə: hücum xəttində kasadlıq var!
Ölkə futbolu / Manşet






