1-ci liqada elitaya vəsiqə uğrunda mübarizə aparan “Şahdağ Qusar”ın oyunlarına maraq azalıb. Halbuki əvvəlki mövsümlərdə komandanın matçlarını izləmək üçün tribunaya mindən çox azarkeş toplaşırdı. İndi isə bu rəqəm yarıdan da aşağı düşüb.
Cari mövsümdə 1-ci liqada evdə 3 oyun keçirən “Şahdağ Qusar”ın matçlarından yalnız birində azarkeş sayı 600-ə çatıb. Turnir cədvəlinə başçılıq edən komandanın 3 görüşünü ümumilikdə cəmi 1080 azarkeş izləyib.
Görəsən, bunun səbəbi nədi? Komandanın doğma şəhərdən kənarda oynaması əsas amil kimi göstərilə bilməz. Axı əvvəlki mövsümlərdə də məsafəyə baxmayaraq, çoxsaylı azarkeşlər sevimli komandalarını dəstəkləmək üçün stadiona axışırdılar.
İndi isə vəziyyət fərqlidi. Daha iddialı, qarşısına elitaya yüksəlmək məqsədi qoyan “Şahdağ Qusar” meydanda lider olsa da, tribunadakı dəstək baxımından əvvəlki mövsümlərlə müqayisədə xeyli geridədi. Komanda hədəfinə doğru irəliləyir, amma azarkeş marağının niyə azaldığı sualı hələ də açıq qalır…
İSRAYIL XEYRULLAYEV
Azarkeşləri “Şahdağ Qusar”dan küsüb?
Ölkə futbolu / Manşet





