Argentina da “Formula-1” təqvimində olacaq?

7.09.2026 13:29 65
İdman
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Sulayem Argentina “Qran-pri”sinin “Formula-1” təqviminə qayıtmaq perspektivlərini dəyərləndirib.

Daha əvvəl Argentina prezidenti Xavyer Miley ölkəsinin yenidən dünya çempionatının mərhələlərindən birinə evsahibliyi etmək niyyətində olduğunu açıqlayıb. Bin Sulayem trass üçün ciddi investisiyaların həyata keçirildiyini qeyd edib və vurğulayıb ki, Argentina tərəfi FİA və “Formula One Management”ə yarışın keçirilməsinə hazır olduğunu nümayiş etdirir:

“Argentina “Formula-1” mərhələsi təşkil edə bilərmi? Bəli. Buna layiqdimi? Mən deyərdim ki, bəli. Lakin hazırda təqvimdə artıq 24 yarış var. 25-ci yarışı keçirə bilərik, amma bu, həm rəsmilər, həm də pilotlar üçün olduqca çətindi. Buna görə də hər şey təqvim məsələsinə gəlib çıxır”.

Bin Sulayemin sözlərinə görə, layihə beşillik biznes-planı nəzərdə tutur və ölkə hökuməti “Formula-1”in geri qayıtmasına ciddi yanaşır:

“Argentina mənim dəstəyimə arxalana bilər. Söz verirəmsə, mütləq onu yerinə yetirirəm. Düzgün mesajın çatdırılmasını təmin edəcəyəm”.

FİA prezidenti həmçinin bildirib ki, trass ilə tanış olub, onun modernləşdirilməsinə əhəmiyyətli vəsait yatırılıb. Avtodromun konfiqurasiyasını tanınmış memar German Tilke hazırlayıb.