Ölkə futbolunun daim qabartdığımız, həll yolunun tapılmasının vacibliyini vurğuladığımız infrastruktur problemi aktuallığını qorumaqdadı.
Bilindiyi kimi, son illərdə istər liqaların, istərsə də klubların sayında artım olub. Lakin həmin yarışlarda iştirak edən komandalar stadion tapmaqda çətinlik çəkir. Yeni idman qurğusu inşa etmək istəyənlər isə gah maliyyə, gah da uyğun ərazinin tapılması ilə bağlı maneələrlə üzləşir. Bu azmış kimi, yeni mövsümdən yeni dəb çıxıb. Belə ki, özünə stadion tapa bilməyən klublar dərhal Şamaxıya üz tutur. Düzdü, bu bölgədə əvvəlki “futbol illəri”ndə də bir neçə klub məskunlaşmışdı. Lakin şəhər indi daha çox komandaya qucaq açıb. Bəli, bu şəhərin eyniadlı komandası ev oyunlarını əsas stadionda keçirir. İş ondadı ki, Naxçıvanı təmsil etsə də, əvvəl Bakıda – “Liv Bona Dea Arena”da məskunlaşan, “Sabah”ın bu idman qurğusunu satın almasının ardından, daha dəqiqi, yeni mövsümdən Qəbələyə köç edən və burda iki görüşdə meydana çıxan “Araz-Naxçıvan” da ev oyunlarını Şamaxıda keçirəcək. Sən demə, klub hələ fasilədə bu məqsədlə “Şamaxı”ya müraciət edibmiş. Sadəcə, stadionun işıqlandırma sisteminin olmaması və hava şəraiti səbəbindən köç istəyi reallaşmayıb. O başqa məsələ ki, nəinki başqa komanda, “Şamaxı”nın özü belə həmin problemlər üzündən ilk 4 tura təsadüf edən ev oyunlarını səfərlərdə keçirməli oldu. Hazırda Peşəkar Futbol Liqası tərəfindən ilk 4 turda gündüz saatlarında qarşılaşmaların keçirilməsinə icazə verilməsi ilə bağlı qadağa aradan götürülüb. Odu ki, “Araz-Naxçıvan” istəyinə çatıb. Beləliklə, “qırmızı-ağlar” 5-ci turda baş tutacaq “Turan Tovuz”la matçdan etibarən ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.
Şamaxıda daha bir idman qurğusu var. Bəli-bəli, Olimpiya İdman Kompleksinin stadionunu nəzərdə tuturuq və bura da bir neçə komandanın oylağına çevrilib. Belə ki, cari mövsümdə burda nə az, nə çox - 4 (!) kollektivin ev oyunlarına şahidlik edəcəyik. Söhbət “Xankəndi”, “Şimal”, “Şəmkir” və “Marafon”dan gedir. Əlbəttə, belədə yarışlarının təqvimlərinin tənzimlənməsi, başqa sözlə, stadionun ot örtüyünün yararsız hala düşməsinin qarşısını almaq məqsədilə hansısa addım atmaq böyük ölçüdə çətinləşib. Aşağı liqalarda ilk turların artıq geridə qalan və bundan sonra keçiriləcək matçları da bu yöndə ciddi narahatlığa əsas verir. Təsəvvür edin, srağagün sözügedən idman qurğusunda 2-ci liqanın ilk turunun “Şəmkir” – “Marafon” oyunu keçirilib. Bəli, “Şəmkir” gələn həftə səfərdə oynayacaq. Ancaq daha diqqətçəkən məsələ “Marafon”un da ev oyunlarını bu stadionda keçirəcəyidi. Yəni bu komanda sentyabrın 8-də “Difai”ni həmin idman qurğusunda sınağa çəkəcək. Kəsəsi, stadion iki 2-ci liqa təmsilçinin məkanı olduğundan, demək olar ki, hər həftə bu liqanın oyunlarına evsahibliyi edəcək. Həmçinin, dünən burda 1-ci liqanın ilk turunun “Xankəndi” – “Səbail” oyunu keçirilib. Həmin çempionatın bu gün keçiriləcək “Şimal” – “Gəncəbasar” qarşılaşması da bu stadiondadı.
Böyük ehtimalla, mövsüm həmin ardıcıllıqla davam edəcək. Daha dəqiqi, hər həftə ərzində Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda 3-4 matç olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmaları da nəzərə alsaq, bu say bəzi həftələrdə 5-ə də çata bilər. Belədə tam əsasımız var ki, Şamaxını ölkə futbolunun paytaxtı elan edək. Sadəcə, belədə futbolumuz Şirvanşahlar dövlətini xatırladır. Axı həmin dövlətin də paytaxtı Şamaxı idi... Ümid edək ki, belə acınacaqlı dönəmin ömrü Şirvanşahlar dövlətinin ömrü qədər uzun olmaz!
KƏNAN BAHADIR
P.S. Şirvanşahlar dövləti 861-1538-ci illər aralığında, yəni 7 əsrə yaxın yaşayıb...
Futbolumuzda “Şirvanşahlar dövləti”: paytaxt Şamaxıdı!
Ölkə futbolu / Manşet






