“Futbol+”in “Kəpəz” – “Şamaxı” oyununa bilet satışı ilə bağlı xəbərləri sanki müəyyən qıcıqla qarşılanır. Məsələn, dünən 5500 bilet satıldığını yazmışdıq, sonra klub satılan biletlərin sayının 7 minə çatdığını elan etdi. Bizim xəbərlərimiz bu prosesə müsbət mənada təsir edirsə, buna yalnız və yalnız sevinərik! Dolu tribunalar qarşısında oynamağın ləzzəti başqadı, qardaşım!
Bəli, zənn etdiyiniz kimi, satışla bağlı yeni xəbər var. Dünəndən bugünə sarı və göy rənglərə könül verən azarkeşlər daha üç min bilet alıb. Klubun mətbuat xidmətinin rəhbəri Aqşin Əliyevdən aldığımız bilgiyə görə, indiyə qədər artıq 10 min bilet satılıb. Oyunun start fitinin səslənməsinə isə hələ 7 saat qalır.
Deməli, bu gün də Gəncədə anşlaq olacaq. “Turan Tovuz”la oyundakı azarkeş rekordu təkrarlansa və ya yenilənsə, təəccüblənməyin!
İSRAYIL XEYRULLAYEV
10 min bilet satıldı! - “Turan Tovuz”la oyundakı rekord yenilənəcək?
Ölkə futbolu / Aktual





