“Yəqin ki, "Borussiya" azarkeşlərinin dəstəyini gördüz” – BOS-da niyə belə olur?

24.10.2026 20:07 45
Avrokuboklar / Manşet
Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” azarkeş dəstəyi baxımından çətinlik çəkir. “Bayquşlar” ÇL-də ev oyunlarını 68700 yerlik Bakı Olimpiya Stadionunda keçirir. Oktyabrın 13-də Çexiya çempionu “Slaviya” ilə görüşü 29 min, oktyabrın 20-də isə Dortmund “Borussiya”sı ilə qarşılaşmanı 47 min azarkeş izləyib.

“Sabah” tərəfdarlarının komandaya dəstəyi yetərincə hiss olunmurdu. Bunu Bakı Olimpiya Stadionunun quruluşu və akustikası ilə əlaqələndirənlər də var. Ümumiyyətlə, ölkəmizdə stadiona gələnlərin bir hissəsi oyunu fəal şəkildə izləmək və komandaya dəstək verməkdən daha çox şəkil çəkdirmək, stadion ab-havasını yaşamaq və asudə vaxtını keçirmək niyyəti güdür. Bəs “Sabah” azarkeş mədəniyyətinin formalaşdırmaq üçün nə etməlidi?

“Football-plus.az” bu suala cavab tapmaq üçün İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin rəhbəri Atanur Cəfərli ilə əlaqə saxlayıb:

“BOS azarkeşlər üçün uyğun bir stadion deyil. Bilirsiz ki, belə idman qurğularında meydança ilə tribunalar arasında yetərincə məsafə var. Düzdü, tamaşaçı tutumu çoxdu, amma bu da bəzən mənfi təsir göstərir. Belə ki, 30 min azarkeş gəlsə belə, stadionun yarısı dolu, yarısı boş görünür. Bu da öz növbəsində dəstəyə mənfi təsirini göstərir. Amma əvəzində, məsələn, “Tofiq Bəhramov”da tribunalar meydana yaxındı və azarkeşlər də düşünür ki, "biz burdan dəstək şüarlarını səsləndirsək, gedib futbolçuya çatacaq". Ancaq BOS-da belə şərait yoxdu. Hətta Olimpiya Stadionunun ən aşağı tribunalarının belə stadionla məsafəsinin yetərincə çox olduğunu deyə bilərik. Azarkeş mədəniyyətinin formalaşması yaralı yerimizdi. Bütün klublarımız az-çox bu problemlə bağlı narahatlıqlar yaşayırlar.

Yəqin ki, "Borussiya" azarkeşlərinin dəstəyini gördüz. Saylarının bizdən dəfələrlə az olmasına baxmayaraq, öz komandalarını necə möhtəşəm şəkildə dəstəklədilər.

Düşünürəm ki, bir ənənə formalaşmalı, müəyyən zaman keçməlidi. "Sabah" hələ gənc klubdu, təbii ki, onların azarkeş sayının hələlik az olması anlaşılandı. Klub azarkeşlərin stadiona cəlb edilməsi istiqamətində çox işlər görür. Azarkeş qrupları ilə əlaqələr olsun, istər premyer-liqa, istərsə də avrokubokların oyunlarında... “Barselona” ilə oyunda, yəqin ki, bütün stadion dolacaq, amma yenə də dəstəyi məncə, yetərincə hiss etməyə bilərik. Düşünürəm ki, bu, zamanla aradan qalxacaq. Bu problem, demək olar ki, əksər klublarımızda mövcuddu”.


İSRAYIL XEYRULLAYEV