Qurban Qurbanov: "Hər komandaya qarşı yaxşı mübarizə aparmaq olar”
Dünən AÇ-2020-nin seçmə mərhələsinin püşkü atıldı. İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində təşkil olunan mərasim saat 15.00-da başladı. Tədbirdə ölkəmizi AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, yığmanın baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla, assosiasiyanın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AÇ-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə əlaqələndiricisi Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, AL-in gələn il Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə əlaqələndiricisinin müavini Kamran Vəliyev təmsil edib. Öncə səbətlərin tərkibini xatırladaq:
Millətlər Liqası səbəti: İsveçrə, Portuqaliya, Hollandiya, İngiltərə
1-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa
2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Hersoqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail
4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Çernoqoriya, Cənubi Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan
5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer adaları
6-cı səbət: Litva, Lixtenşteyn, Andorra, Malta, San Marino
Nəhayət, maraqla gözlədiyimiz püşkün nəticəsinə əsasən yığmanın rəqibləri bəlli olub. Komandamız E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq. Qeyd edək ki, 55 komandayla start götürəcək seçmə mərhələnin oyunları gələn il martın 21-dən noyabrın 19-na qədər keçiriləcək. İndi isə bütün qrupların tərkibinə nəzər salaq:
A qrupu: İngiltərə, Çexiya, Bolqarıstan, Çernoqoriya, Kosovo
B qrupu: Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
C qrupu: Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
D qrupu: İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəllütariq
E qrupu: Xorvatiya, Uels, Slovakiya, Macarıstan, AZƏRBAYCAN
F qrupu: İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları, Malta
G qrupu: Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya
H qrupu: Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra
İ qrupu: Belçika, Rusiya, Şotlandiya, Cənubi Kipr, Qazaxıstan, San Marino
J qrupu: İtaliya, Bosniya və Hersoqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn
Təbii, 5 komandalı qrupa düşdüyümüzə görə qrup sonuncusu olmaq ehtimalımız artır. Ancaq Qurban Qurbanovun rəhbərliyi altında yığmanın sıralamada bir və ya bir neçə rəqibi qabaqlayacağına ümid etməliyik. Hərçənd bu hədəf heç də asan görünmür. Çünki rəqiblərin gücü nikbin düşünməyə əsas vermir. Hər nə qədər bu qrup "ölüm qrupu" sayılmasa da. Növbəti saylarımızda, ümumiyyətlə, mübarizənin startına qədər rəqibləri incələyəcəyik.
AÇ-2020-nin seçmə mərhələsinin ilk turunun oyunları gələn il martın 21-də keçiriləcək.
1-ci tur: 21-23 mart
2-ci tur: 24-26 mart
3-cü tur: 7-8 iyun
4-cü tur: 10-11 iyun
5-ci tur: 5-7 sentyabr
6-cı tur: 8-10 sentyabr
7-ci tur: 10-12 oktyabr
8-ci tur: 13-15 oktyabr
9-cu tur: 14-16 noyabr
10-cu tur: 17-19 noyabr
Hər qrupda ilk iki yeri tutacaq komandalar final mərhələsinə yüksələcək. Final mərhələsinə son 4 vəsiqəni isə Millətlər Liqasında qrup qalibləri olan komandalar 4 liqa üzrə müəyyənləşdirəcək. Millətlər Liqasında pley-off oyunları 2020-ci il martın 26-28-də, final qarşılaşmaları isə martın 29-31-də olacaq. AÇ-2020-nin final mərhələsinin püşkü isə gələn il dekabrın 1-də atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri bəlli olmayacağına görə onlar "1-4" pley-offlarının qalibləri kimi adlandırılacaqlar. Onu da bildirək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya evsahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu keçiriləcək.
Yığma AÇ-2020-nin seçmə mərhələsində yer aldığı E qrupunda rəqiblərinin hamısıyla qarşılaşıb. Belə ki, Xorvatiya, Uels, Slovakiya və Macarıstanın hər biri bunadək seçmə mərhələdə rəqibimiz olub. Özü də bu 4 komandanın hamısı ilə yalnız rəsmi oyunlarda üzləşmişik, heç vaxt yoldaşlıq görüşlərində qarşılaşmamışıq. Əksər duellərin məhz Avropa çempionatına təsadüf etməsi maraq doğurur. AÇ-2000-in seçmə mərhələsində isə Slovakiya və Macarıstanla bir qrupda olmuşuq. Bu 4 rəqiblə ümumilikdə 18 dəfə görüşmüşük və balans bizim üçün acınacaqlıdı. Milli həmin matçların yalnız 1-də qalib gəlib. Bu, İqor Ponomaryovun dönəmində Bakıda Slovakiya üzərində 2:0 hesablı sensasiyalı qələbədi. Qalan 17 qarşılaşmanın cəmi 2-də heç-heçə, 15-də yenilgi qeydə alınıb. Top fərqində də rəqiblərin aşkar üstünlüyü var - 6-42. Yığmanın baş məşqçilərindən rəqiblərlə ən çox Vaqif Sadıqov qarşılaşıb - 4 dəfə. Berti Foqts 3, Əhməd Ələsgərov, Ağasəlim Mircavadov, İqor Ponomaryov və Əsgər Abdllayevun hesabında hərəyə 2, Kazbek Tuayev, Karlos Alberto Torres və Robert Prosineçkinin hesabında hərəyə 1 matç var. Foqtsla Tuayev uyğun olaraq Xorvatiya və Macarıstana darmadağınlardan sonra istefaya göndərilib.
Xorvatiya
AÇ-2016. Xorvatiya – Azərbaycan 6:0, 0:0
Uels
DÇ-2002. Azərbaycan – Uels 0:2, 0:4
AÇ-2006. Azərbaycan – Uels 1:1, 0:2
DÇ-2010. Uels – Azərbaycan 1:0, 1:0
Slovakiya
AÇ-1996. Slovakiya – Azərbaycan 4:1, 1:0
AÇ-2000. Slovakiya – Azərbaycan 3:0, 0:1
DÇ-2002. Slovakiya – Azərbaycan 3:1, 0:2
Macarıstan
DÇ-1998. Azərbaycan – Macarıstan 0:3, 1:3
AÇ-2000. Azərbaycan – Macarıstan 0:4, 0:3
Yeri gəlmişkən...
Yığma tarixində 3-cü dəfə 5 komandalı qrupda mübarizə aparacaq. Milli indiyədək iki dəfə belə duruma düşüb. Hər iki halda əsas komandamız 5 yığma arasında 5-ci olub. DÇ-1998-in seçmə mərhələsində millimiz İsveçrəni 1:0 hesabı ilə yensə də, bu 3 xaldan başqa heç nə əldə edə bilməyib. Nəticədə sonuncu olub. İndiki rəqiblərimizdən Macarıstanın da yer aldığı qrupda Norveçlə Finlandiya da olub. AÇ-2004-də də milli qrupu sonuncu bitirib. Lakin yığmanın indiki baş məşqçisi Qurban Qurbanov üçün uğurlu alınan tsikldə Serbiya və Monteneqrodan 4 xal almaq mümkün olub. Qurbanov isə bu rəqibin qapısından 3 top keçirib. İndiki rəqiblərimizdən Uelsin də yer aldığı həmin qrupda İtaliya və Finlandiya da mübarizə aparıb. Digər seçmə mərhələlərdə və Millətlər Liqasında yığmanın qrupunda 5-dən fərqli sayda komanda olub.
Reaksiyalar
Qurban Qurbanov: "Hər komandaya qarşı yaxşı mübarizə aparmaq olar. Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə yığmalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişikliyi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".
Rövnəq Abdullayev: “İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdü. Təbii ki, hər bir millinin də oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. AÇ-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzulayıram. AÇ-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdi. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.
Karol Belanik (Slovakiya Futbol Federasiyasının vitse-prezidenti): “Püşk bizi Xorvatiya ilə rəqib etdi. Bu komanda qrupumuzun əsas favoritidi. Uelslə bu yaxınlarda qarşılaşmışdıq. Macarıstanı da tanış rəqib saymaq olar. Uzun səfər və evdə yaxşı oynamasına görə Azərbaycan bizə başağrı ola bilər. Ümumilikdə püşkü yaxşı hesab etmək olar. Belə qrupda yaxşı oynasaq, favoritlərdən də ola bilərik. Çalışacağıq ki, Xorvatiya ilə də başabaş oynayaq”.
Rayan Giqqz (Uels yığmasının baş məşqçisi ): “Xorvatiyanın möhtəşəm komanda olduğu aydın məsələdi. Bu çox dəqiqdi. Digər əsas rəqibimiz Slovakiyadı. Çox yaxşı komandadı. Ümumiyyətlə, düşdüyümüz qrup daha da yaxşı ola bilərdi, daha da pis. Azərbaycanda gözəl şərait, səviyyəli otellər, yaxşı meydanlar, yeni stadion var. Buna görə də Azərbaycanda hər şey yaxşıdı. Yəqin ki, ora bir gün əvvəl getmək lazımdı. Qalanı isə gözlədiyimiz kimidi”.
Zlatko Daliç (Xorvatiya yığmasının baş məşqçisi ): “Bizim qrupa nə çətin, nə də asan demək olar. Komandamızı Slovakiya və Macarıstana yaxın səfərlər gözləyir. Uels isə bizdən sonra qrupun ikinci komandası sayılır. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Bu qısa – 8 aylıq seçmə mərhələdə ən yaxşı olmalıyıq. Uels millisi son vaxtlar çox yaxşı çıxış edir. Onlarla bizi böyük döyüş gözləyir. Slovakiya da son Avropa çempionatında yaxşı oynayıb. Macarıstanı da unutmaq olmaz. Özümüzə inanmalı və hörmət qoymalıyıq. Dünya çempionatında səviyyəmizi göstərəndən sonra hər komanda bizə qarşı yaxşı oynamaq və qalib gəlmək istəyir. Amma biz bunu onlardan da yaxşı etməli, final mərhələsinə vəsiqələrdən birini qazanmalıyıq. 5 komandalı qrupa düşməyimiz bizə iki yoxlama oyunu keçirmək imkanı da verir”.
Pavel Hapal (Slovakiya yığmasının baş məşqçisi): “İspaniya və Almaniyanın yer aldığı qruplar çox güclüdü. Bizim qrup balanslaşmış “beşlik”di. Məndə çox pis hisslər yaranmışdı. Qorxurdum ki, Almaniya ilə eyni qrupa düşərik. Əsas görüşlərimiz Macarıstanla olacaq. Dünya vitse-çempionu olan Xorvatiyanın güclü olduğu ilə barışmalıyıq. İngiltərə ilə matçlarını da izləmişəm. Bu komanda hörmət ediləsi yığmadı. Uelslə AÇ-2016-nın seçmə mərhələsində qarşılaşmışıq. Münasib olmayan rəqibdi. Macarıstanın elə keyfiyyətləri var ki, buna qiymət verməmək düz olmaz. Azərbaycanla görüş üçün uzun yol qət edəcəyik”.
Yan Kovaçik (Slovakiya Futbol Federasiyasının prezidenti): “AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasından razı qaldıq. Çünki daha çətin qrupa düşə bilərdik. 1-ci səbətdən daha çox Xorvatiyanı istəyirdim. Macarıstan və Xorvatiya ilə oyunlarımız qrupun ən yaxşılarını müəyyənləşdirmək üçün həlledici olacaq. Qrupumuzda yer alan Uels təhlükəli, Azərbaycan anlaşılmaz, gözlənilməz komandadı”.
Marko Rossi (Macarıstan yığmasının baş məşqçisi): "Xorvatiya başqa komandalardan fərqlənir. Qalanlarının hamısı bu qrupda nəyə desən, iddia edə bilər. Şanslar bərabərdi. Xorvatları təqdim etməyə ehtiyac yoxdu. Uelslə bəxtimiz onda gətirib ki, bizə qarşı Rayan Giqqz oynamayacaq. Ancaq zarafatı bir kənara qoysaq, bu komandayla 2-ci yer uğrunda mübarizə apara bilərik. Eləcə də Slovakiya ilə. Bundan əlavə, Azərbaycanı qiymətləndirməməli deyilik. Hərçənd o da düzdü ki, yaxşı hazır olsaq, onlarla görüşlərdə qələbə şansımız başqa rəqiblərlə müqayisədə daha yüksək olacaq".
Təqvim
21 mart
Xorvatiya - Azərbaycan
8 iyun
Azərbaycan - Macarıstan
11 iyun
Azərbaycan - Slovakiya
6 sentyabr
Uels - Azərbaycan
9 sentyabr
Azərbaycan - Xorvatiya
13 oktyabr
Macarıstan - Azərbaycan
16 noyabr
Azərbaycan - Uels
19 noyabr
Slovakiya - Azərbaycan
FARİZ