Millətlər Liqasının püşkatmasına geniş heyətlə
Yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Millətlər Liqasının püşkatma mərasimi baş tutacaq. Beləcə D liqasında mübarizə aparacaq yığmamızın rəqibləri bəlli olacaq. Qeyd edək ki, səbətlərin tərkibi hələ xeyli öncədən bəllidi. 1-ci səbətdə yığmamızla yanaşı, Makedoniya, Belarus və Gürcüstan yer alıb. Ermənistan, Latviya, Farer adaları, Lüksemburq 2-ci, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta 3-cü, Andorra, Kosovo, San Marino və Cəbəllütariq isə 4-cü səbətdədi.
Püşkatma mərasimində ölkəmizi kimlərin təmsil edəcəyini AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan öyrəndik. O İsveçrəyə baş katib Elxan Məmmədovun, yığmanın baş məşqçisi Qurban Qurbanovun, eləcə də özünün gedəcəyini söylədi: “Hələ ki tam heyət müəyyənləşməyib. Ancaq biz üçümüz dəqiq orda olacağıq”.
Fürsətdən yararlanıb, AFFA rəsmisindən daha bir məsələ ilə bağlı fikir öyrəndik. Məlum olduğu kimi, ötən mövsümün ən səsli-küylü hadisələrindən biri Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdizadənin oyunların nəticələrinin manipulyasiyasında iştiraka görə futboldan ömürlük uzaqlaşdırılması oldu. Adı çəkilənlərin AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verdiyini də diqqətinizə çatdırmışdıq. Lakin hələ də onların şikayətinə baxılmayıb. Firuz bəydən bunun nə vaxt reallaşacağını soruşduq və o “qərar olanda, sayta qoyacağıq” deməklə kifayətləndi.
FARİZ