Sizin reklam burada

Ramin Quliyev yeni ili nişan verdi

Title
Ramin Quliyev yeni ili nişan verdi
“Mənim U-17-də qalıb-qalmayacağım hələ bəlli deyil”
Ötən ay Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edən 19 və 17 yaşlılardan ibarət yığmalarımızdan biri məqsədinə çatdı, digəri yox. Vüqar Məmmədin baş məşqçisi olduğu U-19 Gürcüstanda elit mərhələyə adladı. U-17 isə Albaniyadan əliboş döndü. Seçmə mərhələyə oktyabrın 23-də Norveçlə oyunla start verən Ramin Quliyevin komandası açılış matçında darmadağına (1:4) məruz qaldı, üç gün sonra Çexiyaya (0:2), oktyabrın 29-da isə meydan sahiblərinə (0:1) uduzdu. Başqa sözlə, keçirdiyi qarşılaşmalarda məğlub olub turniri qrup sonuncusu kimi tərk etdi.
U-19 gələn həftə elit raunddakı rəqiblərini tanıyacaq və mərhələnin hazırlığına başlayacaq. Bəs U-17 bu boşluqdan necə yararlanmağı düşünür? Bu barədə baş məşqçi Ramin Quliyevin fikirlərini öyrəndik: "Açığı, indi bu barədə danışmaq üçün deyəcək sözüm yoxdu. Bir qədər səbr edin, bəzi məsələlər həllini tapsın, sonra planlarımızı açıqlayacağıq. İlin sonuna kimi yığmalarla bağlı bütün suallara aydınlıq gəlməlidi. Hələlik biz tərəfdən plan hazırlanır, rəhbərliyə təqdim olunacaq. Yalnız onu deyə bilərəm ki, təlim-məşq toplanışlarına yeni ildən başlayacağıq. Yəni dekabrda nəsə nəzərdə tutulmayıb".
Gənc mütəxəssis yığmada mümkün nəsildəyişmə prosesi ilə bağlı fikirlərini çatdırdı: "Əvvəla, nəsildəyişmə məsələsi ilə bağlı mövqeyimi bildirim. Bu proses o vaxt edilir ki, bir nəsildən imtina olunur, yeni komanda yığılır. Bizdə isə nəsil dəyişimi olmayacaq, sadəcə, bu yaş qrupu U-19 kimi fəaliyyət göstərəcək. Daha doğrusu, yaş qrupu U-18 olacaq. Mənim U-17-də qalıb-qalmayacağım, yaxud bu uşaqlarla U-18-də işimə davam edəcəyim bəlli deyil. Bu hələ dəqiqləşməyib. Ümumi plan hazırlanır. Ondan sonra dəqiq bilinəcək”.
Ramin Quliyev U-17-yə yeni namizədlər axtarışının davam etdiriləcəyini deyir: “Təbii ki, U-17-yə yeni namizədlər cəlb olunacaq. Ölkədaxili bütün çempionat oyunlarına baxırıq. Millinin qapıları hamının üzünə açıqdı. O cümlədən ölkə xaricində çıxış edən legionerlərlə də maraqlanır, diqqət mərkəzində saxlayırıq”.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.