İcra başçısı “Səbail”ə xeyir-dua verdi – bəs sonra?

30.08.2026 16:13 56
Aktual / Ölkə futbolu
1-ci liqada yeni mövsümün startına bir həftədən də az qalıb. “Səbail” yeni “futbol ili”ndə Qubada məskunlaşmaq istəyir. Futbolun İnkişaf Fondunun icraçı direktoru və “Səbail”in İdarə Heyətinin üzvləri dünən Qubaya səfər edib, rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov ilə görüşüblər.

Görüşdə Fondun icraçı direktoru Tural Piriyev, “Səbail”in İdarə Heyətinin üzvləri Amin Məmmədov, Mirzə Bayrampur və Ağa Orucov iştirak edib.

“Football-plus.az” gedənlərin icra başçısından hansı məsələlərdə dəstək istədiyini və görüşün hansı nəticələr ilə yekunlaşdığını öyrənmək üçün Tural Piriyevlə əlaqə saxlayıb:

“Klubun bölgəyə köçməsi, yerli ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsi müzakirə olundu. Konkret nəsə istənilmədi, görüş tanışlıq və məsləhətləşmə xarakterli idi. İcra başçısı klubun bölgəni təmsil etməsində maraqlıdı və lazımi dəstəyi göstərəcəyini bildirdi. Bu onunla ilk təmasımız deyil. 2-ci liqa təmsilçisi “Quba”ya da yaxından dəstək göstərib”.

İSRAYIL XEYRULLAYEV