Ümid edirəm ki, yaxın vaxtlarda “Kəpəz”in yeni sponsorla anlaşdığı xəbərini eşidəcəyik - AÇIQLAMA

12.03.2023 15:21 473
Premyer-liqa / Manşet
Martın 9-da Futbolun İnkişaf Fondu, Gəncə şəhər İcra Hakimiyyəti və “Kəpəz” in birgə təşkilatçılığı və dəstəyi ilə “Kəpəz”ə dəstək” adı altında tədbir keçirildiyini xəbər vermişdik.

Onu da qeyd etmişdik ki, Gəncə Dövlət Filarmoniyasında reallaşan görüşdə şəhərin icra başçısı, millət vəkilləri, dövlət qurumlarının əməkdaşları, iş adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

FİF-in icraçı direktoru Tural Piriyev və “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri təqdimatlarla çıxış ediblər. Piriyev fondun fəaliyyəti çərçivəsində "Kəpəz" ilə bağlı icra olunan ianə kampaniyaları, Nadiri isə klubda həyata keçirilən layihələr ilə bağlı məlumat verib.

Tədbirdə iştirak edənlərdən biri də Yunis Hüseynov olub.

Gəncə futbolunun yetirməsi, veteran futbolçu “Football-plus.az” saytına açıqlamasında görüşlə bağlı təəssüratlarını bölüşdü:
“Tədbirdə şəhər rəhbərliyi ilə yanaşı, Gəncənin iş adamları da iştirak edirdilər. FİF-in rəhbəri Tural müəllim, klubun İdarə Heyətinin rəhbəri İlqar Nadiri, Gəncənin icra başçısı Niyazi Bayramov çıxış edərək “Kəpəz”in tarixindən, bu günə kimi qazandığı nəticələrdən, həyata keçən layihələrdən söz açdılar. Tədbirin keçirilməsində əsas məqsəd “Turan Tovuz”dan sonra “Kəpəz”ə də sponsor cəlb etmək, yerli iş adamlarını kluba sərmayə yatırmağa dəvət etmək idi. Açığı, tədbirdə konkret hanısa şirkət və ya iş adamının klubun sponsoru olacağı ilə bağlı söhbət olmadı. Ancaq inanıram ki, bu tədbirdən sonra “Kəpəz”ə sponsor tapılacaq. Əsasən gəncəli iş adamlarına güvənirəm. Gəncə təmsilçisi ölkənin sayılıb-seçilən, böyük uğurları, tarixi ənənəsi olan klubdu. Ümid edirəm ki, yaxın vaxtlarda “Kəpəz”in yeni sponsorla anlaşdığı xəbərini eşidəcəyik”.


RƏŞAD