Sxadadze üçün son şans

29.08.2026 14:00 10
Aktual / Ölkə futbolu
Ötən mövsüm elitada yerini yalnız pley-offda “Mingəçevir”i məğlub etməklə qoruyan “Qəbələ”də vəziyyət yenə də pisdi.

Düşərgədə üzlər gülmür. Klub rənglərindən biri, yəni qara, qaranlıq, zülmət çöküb camiənin üzərinə. Halbuki məhz bu mövsüm ərəfəsində, nəhayət, ümidverici nəticələrin olacağına ümid böyük idi. “Qırmızı-qaralar” mövsümlərarası fasilədə ciddi dəyişikliyə, yenidənqurmaya məruz qalıb.

Düzdü, komandadan 13 futbolçu ayrılıb. Ancaq gedənlərin əvəzinə gələnlər də var. Lap tutaq ki, Kouya Mabena, Natan Monzanqo, Uboçioma Meşak, Bruno Silva, Artur Motta və Edson Eduardonun bacarığı azərbaycanlı futbolsevərlərə bəlli deyildi. Çox güman, klubun seleksiyaçıları da seçim prosesində səhvə yol verib və ya onları, sadəcə, aldadıblar. Niyə belə deyirik? Ona görə ki, yenilər ümidləri doğrultmur.

Karim Rossi ilə bağlı məsələ daha düşündürücüdü. “Şamaxı”da çoxlu qol vuran, oyunu ilə ölkəyə səs salan isveçrəli forvard bu gün miskin obrazını xatırladır, heç nə ilə yadda qalmır. Və sabah həmin “Şamaxı” çempionatın 3-cü turunda “Qəbələ”nin qonağı olacaq. Bu oyun “Qəbələ” üçün daha bir ciddi sınaq, baş məşqçi Kaxaber Sxadadze üçün isə son şansdı. Ardıcıl iki məğlubiyyətlə klub rəhbərliyinin və azarkeşlərin inamını sarsıdan gürcü mütəxəssis artıq geriyə bir addım da ata bilməz. Çünki həmin addım uçuruma yuvarlanmaq, “Şəfa” ilə oyunda səslənən “istefa” şüarlarının reallaşması olacaq.

Bizdə olan bilgiyə görə, klub prezidenti Fariz Nəcəfov ilk iki məğlubiyyətdən sonra Sxadadzeyə artıq barmaq silkələyib. Mümkün məğlubiyyətin nə ilə nəticələnəcəyini xatırlatmağa ehtiyac yoxdu.
“Qəbələ”nin ötən mövsümdəki uğursuzluqları əsasən yerli futbolçulara güvənməsi ilə izah olunurdu. Bu mövsüm isə heyətdə əcnəbilərin sayı yetərincə çoxdu. Deməli, ya seleksiyaçılar yaxşı çalışmayıb, ya da sadəcə, indiki baş məşqçi Kaxaber Sxadadze komanda qurmaq bacarığını itirib. İnanmaq nə qədər çətin olsa da, bu versiyanın da üzərində dayanmaq olar.

Reallıq budu ki, bir vaxtlar Azərbaycan futbolunda fırtına kimi əsən, avrokuboklarda ölkəmizi layiqincə təmsil edən “Qəbələ” hazırda ciddi böhran yaşayır. Və bunun əsas səbəbi pul deyil. “Qəbələ”ni maliyyə baxımından “Qarabağ”, “Sabah”, “Neftçi” kimi nəhənglərlə tərəzini eyni gözünə qoya bilməsək də, hər halda, “qırmızı-qaralar” “acından ölmür”. Fikir vermisizsə, son vaxtlar klub rəhbərliyi də bu yöndə gileylənmir. Amma nəticələr heç cür düzəlmirsə, deməli, klubda, komandada işlər qaydasında getmir. “Şamaxı” ilə oyun son şansdı. Təkcə Sxadadze yox, hətta klubdakı bəzi başqa funksionerlər üçün də!

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul