Torreyra bu olaydan bezdiyi üçün Türkiyədən ayrılmaq istəyir

22.08.2026 09:57 3
Dünya futbolu
''Qalatasaray''ın təcrübəli yarımmüdafiəçisi Lukas Torreyra ilə bağlı yenə transfer iddiaları baş qaldırıb.

"Football-plus.az"ın məlumatına görə, uruqvaylı futbolçunun menecerinə yeni klub tapmağı tapşırdığı haqda xəbərlər var. Bu məlumatı cənubi amerikalı jurnalist Sebastyan Jovanelli yayıb.

Mənbənin yazdığına inansaq, təcrübəli oyunçu onu və sevgilisini qarabaqara izləyən şəxsin əlindən təngə gəldiyi üçün Türkiyədən ayrılmağa qərar verib.

Xatırlayırsızsa, bu ilin mayında Torreyra bir alış-veriş mərkəzinin çıxışında bir nəfərin hücumuna məruz qalmışdı. Həmin şəxs tanınmış futbolçunun üzünə zərbə endirmişdi. Sonradan bəlli olmuşdu ki, bu şəxsin Torreyranın indiki sevgilisi ilə münasibəti olub. Həmin xanımın onunla münasibəti bitirərək ''Qalatasaray''lı futbolçu ilə görüşməyə başlaması o şəxsi cin atına mindirmişdi. Uzun müddət bu ikilini təqib edən, Torreyranı ölümlə hədələyən, eləcə də sosial şəbəkələrdə onunla bağlı təhqiramiz paylaşımlar edən bu şəxs futbolçuya hücumdan sonra saxlanılmışdı. O, bu yaxınlarda azadlığa buraxılıb və maraqlıdı ki, yenə futbolçunu izləməyə başlayıb.

İddialara görə o, sosial şəbəkədə Torreyranın sürücüsünə ''başladığım işi sona çatdıracam'' mesajını göndərib. 28 yaşlı futbolçu da bu yaşananlardan bezib. Türkiyə mətbuatının yazdığına görə mayda bu hadisə baş verdikdən sonra ''Qalatasaray'' rəhbərliyi Torreyraya iki cangüdənin xidmətini təklif edibmiş. Ancaq Torreyra tətilə yollanaraq artıq bu olayın unudulacağını düşündü. Amma göründüyü kimi heç də belə olmadı.

Bundan başqa iddialara görə Torreyra yaxın dostları Muslera ilə İkardinin ayrılmasından sonra çox darıxır və bu üzdən də ''Qalatasaray''dan ayrılmaq istəyir. Rəhbərliyin tezliklə onunla görüşərək fikrindən daşındırmağa çalışacağı bildirilir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul