Məğlubiyyətin səbəbi nədi - “Hapoel” çox güclü idi, yoxsa Valdas Dambrauskas istər start heyətini müəyyənləşdirmək, istərsə də sonrakı əvəzetmələr baxımından səhvə yol verdi? Bakıda nəyin hesabına vəziyyəti dəyişmək olar?
Bu suallara cavab tapmaq üçün həmkarımız Anar Şabanoğluya və təcrübəli mütəxəssis Ağasəlim Mircavadova müraciət etdik.
Anar Şabanoğlu:
“Hapoel" "Sabah"ın rahatlıqla keçəcəyi rəqibdi. "Bayquşlar" bu yola başlayandan müəyyən inamsızlıq hiss olunurdu. "Orhus"la cavab matçında sevindik ki, artıq özünəinam gəldi. Amma Rumıniyada bunun sanki bir atımlıq barıt olduğunu gördük. Dambrauskas və məşqçilər heyəti də rəqibi yaxşı təhlil etməmişdi. Özümüzdən zəif komandaya uduzduq. Ümid edirəm ki, Bakıdakı oyunda "Hapoel" səddi aşılacaq və "Sabah" Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Hamı gördü ki, "Hapoel" keçiləsi rəqibdi. Bakıda Azərbaycan çempionuna ilk növbədə azarkeş dəstəyi lazımdı. Dolu tribunalar artıq mərhələ keçmək üçün 1-ci addımın atılması deməkdi. Bu məqam futbolçulara da əlavə motivasiya verəcək və özünəinamı qaytaracaq. İsrail təmsilçisini keçmək üçün qeyri-adi nəsə fikirləşməyə ehtiyac yoxdu. Komanda öz oyununu oynasa, Rumıniyadakı kimi müdafiədə uşaq səhvləri buraxmasa, liqa mərhələsinə yüksələcəyik”.
Ağasəlim Mircavadov: “Sabah” öz oyununu oynadı. Komandamız kiçik fürsətlərdən yaxşı istifadə edə bilir. İlk dəqiqələrdə vurduğumuz qol da bu imkanların birində yarandı. Rəqib əsasən topu 1-ci və 2-ci zonada saxlamağa çalışırdı. Təbii ki, cavab qolu gözlənilməz oldu. Rəqib futbolçunun topu qapı istiqamətinə çevirməsində şans amili var. Oyun ərzində çox böyük səhv olmadı. Rəqibin “Sabah”dan fərqli sürətli futbolçuları olmasa da, yavaş şəkildə oyun qururdu. Bunun sayəsində daha üstün tərəfə çevrildi. 2-ci qolu da gözlənilməz saymaq olar. “Sabah”ın ucaboylu futbolçuları olsa da, rəqib futbolçu hava ötürməsini qəbul edib, qapımızdan keçirə bildi. “Sabah” əsasən standart vəziyyətlər üzərində çalışmalıdı. Künc, cərimə zərbələri daha dəqiq yerinə yetirilməlidi. Ümumilikdə daha dəqiq oynamaq lazımdı”.
İSRAYIL XEYRULLAYEV






