Bir ay öncə yeni müqavilə imzalayan futbolçu ''Qalatasaray''ı tərk edir!

20.08.2026 12:25 76
Dünya futbolu
Aleksey Batrakov ilə anlaşan ''Qalatasaray''da sürpriz bir ayrılıq reallaşmaq üzrədi.

Mario Lemina ən qısa müddətdə komandanı tərk edə bilər. İlk baxışdan burda qeyri-adi bir şey olmasa da, təcrübəli futbolçunun bir ay öncə yeni müqaviləyə imza atdığını xatırladaq. İstanbul nəhəngi iyulun 21-də Lemina ilə ikiillik yeni müqavilə imzalandığını açıqlamışdı. Buna baxmayaraq onun ''Əl-Şabab'' ilə anlaşdığı bildirilir.

Görünür, ərəblərin milyonları 32 yaşlı futbolçu üçün daha cəzbedici variantdı. Onun Türkiyədə illik maaşı bonuslarla birlikdə 3,5 milyon avrodusa, ''Əl-Şabab'' Leminaya 6 milyon avro təklif edib. ''Qalatasaray'' da təbii ki, satışdan müəyyən məbləğ qazanacaq. Ancaq məbləğin həcmi barədə məlumat yoxdu. Leminanın yeni klubu ilə ikiillik anlaşma əldə etdiyi bildirilir.

''Cim-Bom''da ikinci dönəmini keçirən bu futbolçu indiyə qədər bu klubda 86 rəsmi oyunda aktivinə 5 qol, 4 məhsuldar ötürmə yazıb.

Ümumiyyətlə, bu transfer dönəminin sonuna qədər Türkiyə çempionu daha bir neçə önəmli oyunçusunu itirə bilər. Çünki Lukas Torreyra ilə Davinson Sançesin də ayrılması gündəmdədi.