“Nazim “Çorum”la peşəkar müqavilə imzalayıb” – Türkiyəyə gedən futbolçunun meneceri danışdı

20.08.2026 10:30 27
Aktual / Ölkə futbolu
Fevralda “İmişli” ilə 2,5 illik müqavilə imzalayan Nazim Hüseynov qarşılıqlı razılıq əsasında klubla yolları ayırıb. 18 yaşlı futbolçu artıq Türkiyə klubu “Çorum”la anlaşıb.

Bu transferlə bağlı bütün detalları öyrənmək üçün Nazimin meneceri Emil Əsədovla əlaqə saxladıq:

“Nazim “Çorum”la peşəkar müqavilə imzalayıb. İlkin mərhələdə əsas məqsəd onun davamlı oyun praktikası qazanmasıdı. Buna görə də matç ritmini və fiziki formasını yüksək səviyyədə saxlamaq üçün əsasən ikinci komandanın heyətində meydana çıxacaq. Lakin bu il tətbiq olunan sistemə əsasən, ikinci komanda bütün oyunlara əsas heyətlə birlikdə səfər edir və daim əsas komandanın məşqçilər korpusunun birbaşa nəzarəti altında olur. Bu da Nazimin əsas heyətə inteqrasiyası baxımından böyük üstünlükdü. Transfer prosesi təxminən bir ay əvvəl başlayıb. Həm “Bodrumspor”, həm də “Çorum” Nazimə ciddi maraq göstərib, futbolçunu həm U-19, həm də əsas komandanın gələcək planlaması üçün izləyiblər. Nazimin klassik “10 nömrə” mövqeyində çıxış etməsi, solaxay olması və yüksək yaradıcılıq potensialı onların diqqətini çəkən əsas məqamlar olub. Təqdim etdiyimiz ətraflı videoanalizlər və hesabatlardan sonra ilk sınaq mərhələsi “Çorum”da reallaşıb. Nazim burada nümayiş etdirdiyi yüksək peşəkarlıqla dərhal fərqlənib və klub ona peşəkar müqavilə təklif edib.

Gənc futbolçu üçün ən vacib amil, sadəcə, ehtiyat skamyasında oturmaq deyil, hər həftə müntəzəm və yüksək tempdə oyun praktikası qazanmaqdı. “Çorum”da məşq prosesi yetərincə yüksək səviyyədə qurulub. Məşqlərin tempi, vitaminləşdirmə, bərpa və fiziki hazırlıq sistemi tam peşəkar standartlara cavab verir. Bütün bu amillərin Nazimin inkişafı üçün uğurlu və faydalı olacağını düşünürük.

Təbii ki, bundan sonrakı mərhələ artıq Nazimin meydanda göstərəcəyi oyundan və əzmkarlıqdan asılı olacaq. Nazim artıq iki həftədi Çorumdadı, komanda ilə birlikdə hazırlıq keçir. Bu müddət ərzində yoldaşlıq oyunlarında da meydana çıxıb. İnşallah, gələn həftədən etibarən ikinci komandanın heyətində rəsmi oyunlara start verəcək”.


İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul