Biz jurnalistlər deyəndə, yazanda ki, azərbaycanlı futbol adamları özündən başqa heç kimin kitabını oxumur, az qalırlar bizi topa tutsunlar, öldürsünlər.
Buyurun, indi ən parlaq nümunəni təqdim edəcəm. Deməli, Azərbaycan səviyyəsində yetərincə məşhur olan Asim Xudiyev Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində dünən Albaniyanın Proqojine şəhərində keçirilən “Eqnatiya” – “Şemrok Rovers” oyununa (5:1) hakim-inspektor kimi təyinat alıb.
Asim bəy Albaniyaya yollanarkən “Eqnatiya”nın heyətində azərbaycanlı futbolçu olduğunu bilirmiş. Məncə, bu məqamda dayanmağım və sözü Xudiyevin özünə verməyim yerinə düşər:
“Dünən keçirilən “Eqnatiya” – “Şemrok Rovers” oyunu ərəfəsində bizim millinin oyunçusu Zamiq Əliyevlə qısa görüşümüz oldu. Bunu da ev sahiblərinin rəsmi nümayəndəsinin təşəbbüsü oldu ( mənə bildirdi ki, sizin ölkədən oyunçunuz bizdə cıxış edir). Fikrimcə, Zamiqlə tanışlığımız olmadığına görə əvvəlcə məni tanımadı, amma oyundan sonra onda mənim haqqımda məlumatı olduğunu mənə söylədi. Zamiq "ilk 11-lik"də yox idi, amma 2-ci hissədə oyuna daxil olaraq çox yaxşı müdafiəçi olduğunu sübut etdi. Oyundan sonra onu qələbə münasibəti ilə təbrik, yeni uğurlar arzu etdim və o mənə rəsmi oyun geyimini hədiyyə kimi verdi. Məndə olan məlumata görə, klubun rəhbərliyi bizim oyunçudan çox razıdı”.
ORXANP.S. Çox qəribə mənzərədi: beynəlxalq dərəcəli hakim-inspektor baxdığı oyunda komandalardan birinin heyətində azərbaycanlı futbolçu olduğunu bilmir, o da ömrü futbolda keçən həmvətəninin varlığından xəbərsizdi!