Avqustun 13-də ''Malaqa'' ilə ''Fulhem'' arasında baş tutan hazırlıq oyunu ilk baxışdan ciddi maraq doğurmurdu. Oyun qeyri-rəsmi xarakter daşıyan və hər yay ''Malaqa''nın iştirakı ilə keçirilən ''Kosta del Sol'' kuboku uğrunda baş tutdu. Malaqa şəhərindəki ''Estadio La Rosaleda''da keçirilən matçın son anlarına ''Fulhem'' 2:1 öndə daxil oldu. Amma qarşılaşmanın sonlarında aləm bir-birinə dəydi və iş cığırından çıxdı. Hər şey 90-cı dəqiqədə ''Malaqa''nın qazandığı şübhəli penalti ilə başladı. İngilislər bu epizoda ciddi etiraz etdilər. ''Fulhem''in ispaniyalı çalışdırıcısı Alvaro Arbeloa hətta hakimə sərt etiraza görə qırmızı vərəqə aldı. Etirazların fonunda Eneko Xaureqi penaltini dəqiq yerinə yetirdi və 90 dəqiqəlik mübarizə 2:2-lik bərabərliklə yekunlaşdı. Maraqlıdı ki, hakim tərəfləri penalti seriyasına dəvət edərkən ''Fulhem'' bundan imtina etdi. Bu komandanın oyunçuları güclü fit sədaları altında meydanı tərk edərək paltardəyişmə otağına yollandılar. Londonluların bu addımının dəqiq səbəbi bəlli deyil. Bəzi mənbələr bildirir ki, futbolçular baş məşqçiyə dəstək nümayiş etdirərək meydanı tərk etdilər. Versiyalardan biri odu ki, ''Fulhem'' penaltilər seriyasında iştirak etsəydi, təyyarəyə gecikə bilərdi. Amma əsas versiya odu ki, tərəflər arasındakı anlaşmaya görə bərabərlik təqdirində penaltilər seriyası nəzərdə tutulmamışdı. ''Fulhem'' öz səhifəsində məhz bu versiyanı ortaya atdı. Ən maraqlısı odu ki, rəqibin meydanı tərk etməsi ''Malaqa''lılar üçün penaltini vurmaq baxımından maneə yaratmadı. Son anlarda penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirən Eneko Xaureqi yenə topu ''nöqtəyə'' qoydu. O, 17 min azarkeşin önündə penaltini boş qapıya göndərdi! Fanatlar və ''Malaqa''lı futbolçular bu qola ciddi şəkildə sevindilər. Bu penalti sayəsində ''Malaqa'' kubokun sahibi oldu. İspaniya mətbuatı isə Alvaro Arbeloanı yıxıb sürüdü. ''Marka'' nəşri bu hərəkəti ''Malaqa''ya qarşı hörmətsizlik kimi qiymətləndirdi. Elə ''Fulhem'' fanatları da sosial şəbəkələrdə komandanın bu hərəkətini ciddi şəkildə qınadılar.