“Futbol+” hər mövsümün startı ərəfəsində ənənəvi anket-sorğu keçirir. Premyer-liqa klublarının baş məşqçilərinə standart suallarla müraciət edirik. Bu dəfə də ənənəyə sadiq qaldıq. Yalnız Kurban Berdıyevlə əlaqə saxlamaq mümkün olmadı. Bildiyimizə görə, “Turan Tovuz” rəsmiləri belə onunla danışmaqda çətinlik çəkir...
Baş məşqçilərə aşağıdakı sualları ünvanladıq:
1. Təlim-məşq toplanışından razı qaldız?
2. İstədiyiniz transferləri reallaşdıra bildiz?
3. Komanda çempionata neçə faiz hazırdı?
4. Komandanın qarşısına hansı hədəf qoyulub?
Valdas Dambrauskas, “Sabah”:
1. Düşünürəm ki, komandanın oyun modeli artıq formalaşıb. Ötən mövsüm iki titul qazanan heyətin böyük hissəsini qoruyub saxladıq. Avstriyada üç yoxlama oyunu keçirdiyimiz əla təlim-məşq toplanışımız oldu. Artıq Çempionlar Liqasının təsnifat mərhələsində də 6 oyun keçirmişik. Düşünürəm ki, yaxşı intensivlikdə məşq edirik və matç hazırlığımızı böyük üstünlüklə daha da artırırıq. Mövsümə başlamağa hazır olduğumuzu hiss edirəm.
2. Komandaya qoşulan futbolçular oyun modelimiz üçün lazım olan keyfiyyətlərə sahibdi. Bəzi mövqeləri gücləndirməyimizdən çox razıyam. İndi isə yeni oyunçuların oyun təcrübəsinə yiyələnməsi zamanıdı. Yeni oyunçuların oyun vaxtına ehtiyacı var. Çempionlar Liqasının təsnifat mərhələsində bizimlə oynayan futbolçular mövsümün əvvəlində qorunmalıdılar. İnanıram ki, ilk oyunlar üçün yaxşı balans tapa biləcəyik.
3. Faizlə ifadə edə bilmərəm.
4. Uzunmüddətli hədəflər müəyyənləşdirmirik. Ən vacib olan növbəti məşq və növbəti oyundu. Fəlsəfəmiz addım-addım irəliləməkdi və bunu davam etdirməyə çalışacağıq. Hazırda ən vacib məsələ ilk oyuna hazırlaşmaqdı. “Kəpəz” çox iddialı rəqibdi və biz bütün diqqətimizi ona yönəltmişik.
Qurban Qurbanov, “Qarabağ”:
1. Hazırlıq prosesi normal keçib. Amma çatışmazlıqlar da var.
2. Transferlərdən razıyam. Amma hələ transferləri tamamlamamışıq. Daha bir neçə transfer etmək istəyirik.
3. Hazırkı vəziyyəti təxminən 70-80 faiz səviyyəsində qiymətləndirərdim. Fikrimizi hələlik tam avrokuboklara yönəltmişik. Futbolçuların hələ tam idman formasında olmaması müəyyən problemlər yaradır. Lakin bunun da yaxın zamanda düzələcəyinə inanırıq.
4. Qarşıya qoyulan məqsəd hər il olduğu kimi maksimumdu. İşimizi maksimum nəticələr qazanmaq üçün qurmağa çalışacağıq.
Yuri Vernidub, “Neftçi”:
1. İyunun 20-də Bakıda hazırlığa başladıq. Sonra Sloveniyada ikihəftəlik təlim-məşq toplanışı keçdik və 4 yoxlama oyunu keçirdik. Məncə, hazırlıq mərhələsi uğurlu alındı.
2. Altı transfer etdik, amma onlardan biri – Freddi Varqas əvvəllər də komandamızda oynadığından əslində 5 yeni futbolçumuz var. Yeni futbolçular cəmi bir aydı Azərbaycandadı. Onların ölkəyə, komandaya və məşq sisteminə uyğunlaşması üçün vaxt lazımdı.
3. Deyə bilmərəm.
4. 90-cı ildönümündə “Neftçi”nin Azərbaycan çempionu olmasını arzulayıram. Çünki “Neftçi” buna layiqdi və Azərbaycanın tarixində xüsusi rolu olan klubdu.
Rəşad Sadıqov, “Zirə”:
1. Bildiyiniz kimi, biz bu yay artıq həm təlim-məşq toplanışı keçmişik, həm də yoxlama oyunlarında və avrokuboklarda iştirak etmişik. Ümumilikdə hazırlıq dövrümüzün yaxşı keçdiyini düşünürəm. Premyer-liqa oyunları nə dərəcədə hazır olduğumuzu göstərəcək.
2. Xeyr, reallaşdıra bilməmişik. Planımızda olan daha 5-6 futbolçu var ki, onların keçidini həll etmək istəyirik. Danışıq apardıqlarımız, anlaşa bilmədiklərimiz, izlədiyimiz futbolçular var. “Transfer pəncərəsi” bağlanana qədər azı 5-6 futbolçu götürməliyik. Çünki heyətimizdən xeyli futbolçu ayrılıb. Hazırda heyətimiz kasaddı.
3. Bilmirəm ki, faiz nisbəti ilə necə dəyərləndirim. Çempionatın əvvəlindəki oyunlar göstərəcək.
4. Həmişə olduğu kimi avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağı hədəfləmişik. Çox istərdik ki, növbəti mövsüm də ölkəmizi avrokuboklarda təmsil edək.
Cavid Hüseynov, “Araz-Naxçıvan”:
1. Hazırlıq prosesini yaxşı qiymətləndirərdim. Komanda yenidən qurulub, istər-istəməz vaxta ehtiyac olduğundan, mümkün qədər bu müddətdən istifadə etməyə çalışmışıq.
2. Yay “transfer pəncərəsi” bizim üçün normal keçib. Seçim üçün müəyyən qədər vaxtımız var idi. Bir çox oyunçu arasından düşüncəmizə, sistemimizə uyğun futbolçularla danışığımız olub. İstədiyimiz, amma heyətə qata bilmədiyimiz futbolçular da var. Ümumilikdə maksimum yararlanmağa çalışmışıq. İndiki heyətimizlə kifayətlənmişik.
3. 90 faiz heyət formalaşıb, ilk oyuna qədər 70 faiz hazır olmağı planlaşdırırıq, futbolçuların əzmi, həvəsi bizə inam verir ki, daha da optimal formaya gələk. Hələ ki “transfer pəncərəsi” açıqdı, bəlkə bir futbolçunu da heyətimizə qata bildik.
4. Qarşıya qoyulan hədəf yaxşı komanda formalaşdırmaqdan, yuxarı pillələr üzərində mübarizə aparmaqdan ibarətdi.
Filipe Kandido, “Sumqayıt”:
1. Yox, heyət hələ tam formalaşmayıb.
2. Transfer məsələsi bazardan asılıdı, amma bizim daha çox yeni futbolçuya ehtiyacımız var. Komandanı gücləndirmək lazımdı. Əsasən də yarımmüdafiə və hücum mövqeyinə yeni futbolçular düşünürük.
3. Faizlə bağlı danışmaq çətindi, komandanın istədiyim səviyyəyə çatması üçün vaxt lazımdı.
4. Hədəfimiz daha üst pillələrdə qərarlaşmaqdı.
Azər Bağırov, “Şamaxı”:
1. İyulun 11-də Qəbələdə təlim-məşq toplanışına başladıq. Dörd yoxlama oyunu keçirdik. Hazırlıq prosesini iki hissəyə bölmüşdük: futbolçuların hazırlığı və oyunların keçirilməsi. Ümumilikdə normal şəkildə, istədiyimiz qaydada təlim-məşq toplanışını başa vurduq.
2. Bəzi zonalara istədiyimiz futbolçular gəlmədi. Amma ümumilikdə götürəndə istədiyimiz transferləri etdik.
3. İnşallah, düşünürəm ki, komanda bu gün çempionata təxminən 70-80 faiz hazırdı.
4. Qarşıdakı məqsəd premyer-liqada yerimizi möhkəmləndirmək, xüsusən yerli futbolçulara şans vermək, Azərbaycan futboluna yeni adlar, simalar qazandırmaqdı.
Azər Məmmədov, “Kəpəz”:
1. Bəli, hazırlıq prosesindən razı qaldım. Qarşıya qoyduğumuz proqram üzrə çalışdıq və futbolçular məşqlərdə böyük istək göstərdilər. Əlbəttə, çatışmazlıqlarımız da var, onların üzərində işləməyə davam edəcəyik.
2. Transfer çalışmalarımız davam edir, heyəti gücləndirmək üçün müəyyən mövqelərə oyunçular cəlb etdik. İstədiyimiz futbolçuların hamısını gətirmək mümkün olmasa da, hazırkı heyətdən razıyıq. Komandanı tam formalaşdırmaq üçün 1-2 futbolçu da transfer etməyi düşünürük.
3. Komandanın təxminən 75-80 faiz hazır olduğunu düşünürəm. Yeni oyunçularımızın hazır olması, bir-birinə uyğunlaşması üçün vaxta ehtiyacımız var.
4. Əsas məqsəd premyer-liqadakı yerimizi qorumaqdı. Bundan başqa, bacardığımız qədər irəli gedib, azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Kaxaber Sxadadze, Qəbələ:
1. Yaxşı təlim-məşq toplanışı keçdik. Qəbələdə hazırlıq prosesi üçün əla şərait var. Meydançaların vəziyyəti əladı, bir çox komanda da hazırlıq üçün Qəbələni seçmişdi. Bir neçə yoxlama oyunu da keçirdik.
2. Transferlərimiz hələ tam başa çatmayıb. Daha bir mövqeni bağlamalıyıq. Düşünürəm ki, yeni gəlmiş futbolçular tam güclərini ortaya qoyacaq və komandaya xeyir verəcəklər. Yalnız bir çətinliyimiz var ki, bütün futbolçular hazırlıq prosesini tam keçə bilmədi, bəzi yeni transferlər komandaya gec qoşuldu, yəni bütün futbolçular eyni dərəcədə hazırlıq keçməyib.
3. Bunu faizlə demək çətindi.
4. Məqsədimiz hər matçda yaxşı oyun göstərmək və xallar qazanmaq olacaq.
Zaur Həşimov, “Şəfa”:
1. Təlim-məşq toplanışımız yaxşı keçdi. Keçirdiyimiz 5 oyunda futbolçuları iş başında görmək imkanımız oldu.
2. Komandanı, demək olar ki, sıfırdan yığmışıq. Bütün futbolçularımın özünü doğruldacağına inanıram. Yalnız bir neçə oyunçumuzun komandanın düşərgəsinə gec qoşulması bizi narahat edir.
3. Faizlə deyə bilmərəm.
4. Yeni mövsümdə hədəfimiz premyer-liqada qalmaq olacaq.
Fərid Namazov, “İmişli”:
1. Həm oyun planının tətbiqi, həm də fiziki baxımdan oyun yükünü almaq üçün daha çox yoldaşlıq görüşündə qüvvəmizi sınadıq. Ümumilikdə təlim-məşq toplanışının yaxşı, səmərəli keçdiyini deyə bilərəm.
2. Əsasən yerli bazardan istədiyimiz transferləri edə bildik. Legionerlərə gəlincə, ötən ildən komandada olan oyunçuların 70 faizini saxlaya bildik. Yeni gələcəklərlə bağlı axtarışdayıq, bir neçə mövqeni gücləndirməyi planlaşdırırıq.
3. Həm psixoloji, həm də fiziki baxımdan özümüzü hazır hiss edirik, amma faiz nisbəti ilə qiymətləndirsək, 70 faiz deyərdim.
4. Əsas hədəfimiz ötən mövsümdəkindən daha uğurlu nəticə əldə etməkdi.
İSRAYIL XEYRULLAYEV