Təxminən 2 ayyarımlıq fasilədən sonra premyer-liqada bu gün mövsümə start veriləcək.
31-ci ölkə çempionatının əsas özəlliyi odu ki, uzun fasilədən sonra elitada 10 komandanın iştirakına şahidlik edəcəyik. “Turan Tovuz”un 9, “Kəpəz”in isə 4 ildən sonra yüksək dəstəyə dönməklə premyer-liqanın futbol xəritəsini qərbə doğru genişləndirdi. Onu da qeyd etmək lazımdı ki, yay fasiləsində bəzi klublarda baş məşqçi dəyişikliyi yaşanıb. “Səbail”də Aftandil Hacıyevin yerinə Mahmud Qurbanov “sükan arxasına” dəvət olunubsa, “Neftçi” də Samir Abasovu Laurentsiu Regekampf, diviziondan elitaya yüksələn “Turan Tovuz”da Əfqan Talıbovu Ayxan Abbasov əvəzləyib. “Şamaxı”da isə sənəd üzərində baş məşqçi kimi Vüqar Əsgərlinin adı yazılsa da, texniki zonada əsas söz sahibi Cavid Hüseynov olacaq. Yeri gəlmişkən, dünən “Ferentsvaroş”la taleyüklü oyuna çıxan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov anket-sorğuya qatılmadı. Onun komandası onsuz da Çempionlar Liqası kimi mötəbər turnirdə 5-ci oyununu keçirməklə nəyə qadir olduğunu ortaya qoyub. Ardıcıl olaraq Polşa və İsveçrə çempionlarını mübarizədən kənarlaşdıran “köhlən atlar”ın transferləri, hazırlıq səviyyəsi göz önündədi. Ağdamlıların 2022/23 mövsümündə də çempionluğa oynayacağı heç kimdə şübhə doğurmur.
Fasilə dönəmi necə yadda qaldı, klublar təlim-məşq toplanışlarından necə yararlandı? Təbii ki, bu suallara çempionatın ilk turlarında cavab tapa biləcəyik. Ancaq çoxillik ənənəmizə sadiq qalıb, start ərəfəsində elita təmsilçilərinin baş məşqçilərinə 4 sual ünvanladıq.
1. Təlim-məşq toplanışından razı qaldız?
2. İstədiyiniz transferləri reallaşdıra bildiz?
3. Komanda çempionata neçə faiz hazırdı?
4. Kollektivin qarşısına hansı hədəf qoyulub ?
“Sabah”ın çalışdırıcısı Murad Musayevin mövzu ilə bağlı fikirləri belə oldu:
1. Təlim-məşq toplanışından razı qaldım. Uşaqlar hər gün çox çalışdılar. Komanda daxilində yaxşı əhval-ruhiyyə var. Hamı bir məqsəd uğrunda birləşib.
2. Mövsümlərarası transfer dönəmində klub rəhbərliyi, seleksiya xidməti böyük iş gördü. Yeni transferlərin çoxu hazırlıq dönəminin əvvəlində komandaya qoşuldu ki, bu da onların tez uyğunlaşması və formasını bərpa etməsi baxımından yaxşıdı. Seleksiya fəaliyyətimiz ilboyu davam edir. Yeni transferlər istisna olunmur.
3. Komandanın yeni mövsümə 75 faiz hazır olduğunu deyə bilərəm.
4. Əsas vəzifə həm nəticə, həm də oyun keyfiyyəti baxımından irəliləməkdi. Baxışımızı dəyişməliyik. İdeyalarımızı reallaşdırmaq baxımından güclü və inamlı olmalıyıq.