Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Nyu Seynts" oyunu ərəfəsində təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.
"Bayquşlar"ın oyunöncəsi mətbuat konfransı bu gün, saat 17.15-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq. Onların ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18.30-da “Sabah” Futbol Mərkəzində keçiriləcək.
"Nyu Seynts"in oyunöncəsi mətbuat konfransı isə bu gün saat 19.15-də, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20.00-da, "Bank Respublika Arena"da baş tutacaq.
Maraqlıdı, bəs, Masazır təmsilçisinin seçimi niyə ev oyunlarını keçirdiyi "Bank Respublika Arena" olmayıb?
Bu sualla "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Klub rəsmisi "Football-plus.az"a açıqlamasında komandanın oyunöncəsi son məşqinin Şüvəlanda keçiriləcəyini, bu üzdən mətbuat konfransının da orda baş tutacağını bildirdi. Əlavə etdi ki, məşq prosesi azarkeşlər üçün açıq olmayacaq.
Xatırladaq ki, "Sabah" – "Nyu Seynts" oyunu sabah, saat 20.00-da “Bank Respublika Arena”da keçiriləcək.
KƏNAN BAHADIR