"Orhus"un baş məşqçisi Yakob Poulsen bu gün "Sabah"a qarşı keçirəcəkləri oyundan əvvəl "Bold.dk" nəşrinə açıqlama verib.
"Football-plus.az"ın məlumatına görə, mütəxəssis həmkarımızın zədəli futbolçuların durumuyla bağlı sualını belə cavablayıb:
"Hər şey yaxşıdı. Gördüyünüz kimi, rahatam və gülümsəyirəm. Bəli, bu gün Frederik Tinqagersiz oynamağa məcburuq. Ancaq qalan futbolçularla bağlı vəziyyət məni qane edir. Hətta sağlamlığını yeni bərpa etmiş oyunçuların start heyətində oynamaq ehtimalı var. Hamısı yaxşı formadadı. Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik. Bilirik ki, "Sabah"ın meydanında oynamaq bizim üçün böyük və çox ciddi sınaqdı. Ancaq məqsədə çata bilmək üçün yaxşı oyunçularımın olması məni məmnun edir".
Xatırladaq ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah" - "Orhus" oyunu saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR