“Araz-Naxçıvan” yeni mövsümə hazırlığı davam etdirir. Premyer-liqada çıxış edəcək komanda indiyə kimi 12 futbolçuyla yolları ayırıbsa, 11 transfer edib. Həmçinin “qırmızı-ağlar” iki yoxlama oyunu keçirib. Həmin matçlarda “İmişli” ilə heç-heçə edən (2:2) komanda “Şəfa”ya uduzub (0:2).
Bəs, hazırlıq prosesi necə gedir? Heyətin komplektləşdirilməsi başa çatıbmı?
Bu suallarla naxçıvanlıların baş məşqçisi Cavid Hüseynova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Təlim-məşq toplanışı çox yaxşı səviyyədə keçir. Futbolçularla münasibət, onların işə yanaşma tərzi məşqçi korpusunu tam qane edir. İş ondadı ki, biz müxtəlif səbəblərə görə hazırlığa ən gec başlayan komandayıq. Problem var idi ki, bunu anlayışla qarşılayırıq. Bir həftə vaxt itirmişik. Cəmi iki yoxlama oyunu keçirmişik. Premyer-liqa başlayana qədər daha bir matç keçirmək niyyətindəyik. Heyətdə taktiki cəhətdən bəzi çatışmazlıqlar var. Həmin problemləri aradan qaldırmalıyıq. Düşünürəm ki, mövsümün startına kimi 60-70 faiz hazır olacağıq. Əslində hazırlığa iyulun 3-də başlamaq, 5 yoxlama oyunu keçirmək fikrindəydik. Alınmadı. Bununla belə, bu gün bir futbolçu transfer edəcəyik. Daha bir oyunçu da alacağıq. Bunlardan biri yerli, digəri legionerdi”.
Cavid bəy “Araz-Naxçıvan”ın ev oyunlarını Qəbələdə keçirməsindən və kollektivin mövsümlük hədəfindən də danışdı:
“Çox istərdik ki, Naxçıvanda oynayaq. Amma Azərbaycan reallığında stadion problemi həmişə olub. Əsas odu ki, Qəbələdə stadion var. İnfrastrukturu çox yaxşıdı. Təbii ot örtüyünə malikdi. Bu üzdən hansısa problem yaşanacağını düşünmürəm. Hədəfə gəlincə, qarşımıza yaxşı komanda formalaşdırmaq və mümkün qədər yüksək yerlərdə qərarlaşmaq hədəfi qoyulub. Təbii ki, avrokuboklara yollanmaq istəyirik. Lakin klubun büdcəsi azaldılıb. Konkret avrokubok hədəfi yoxdu. Bu üzdən vəsiqə qazana bilməsək, uğursuzluq sayılmamalıdı”.
KƏNAN BAHADIR