Dünya çempionatını uğursuz keçirən Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlu ilə bağlı yeni bir xəbər var. ''Qazetto dello Sport''un yaydığı məlumata görə ''İnter'' təcrübəli futbolçunun müqaviləsini yeniləməyi planlaşdırmır. Hakanın Milan nəhəngi ilə müqaviləsinin müddəti 2027-yə qədərdi. Bu da o deməkdi ki, Çalhanoğlu daha bir il ''İnter''də qaldıqdan sonra gələn yay azad agent statusunda klubu tərk edəcək. ''İnter'' rəhbərliyini hadisələrin belə axarı qane edir. Ancaq 32 yaşlı futbolçunun bu yay hələ cüzi də olsa, ''İnter''i tərk etmək ehtimalı da var. Hərçənd indiyə qədər italyanlara bu oyunçuya görə heç bir diqqət çəkici təklif gəlməyib. ''İnter'' hər nə qədər Hakanı gələn yay havayı buraxmağa razı olsa da, bu yay futbolçusunu elə-belə məbləğə buraxmaq niyyətində deyil. Ötən il bilindiyi kimi türkiyəli ulduz uzun müddət ''Qalatasaray''ın hədəfində idi. Ama Hakan ''Fənərbaxça''ya keçməyə razılıq verdikdən sonra ''Qalatasaray'' camiəsində gözdən düşdu. Məlum olduğu kimi son seçkilərdə Əziz Yıldırımın əsas rəqibi olan Hakan Safi Çalhanoğlu ilə anlaşmışdı. Amma o seçkilərdə məğlub oldu. Əziz Yıldırımın isə bu oyunçuya marağı yoxdu. Nəticədə Hakan necə deyərlər Əli aşından da oldu, Vəli aşından da. Yəni indi ona nə ''Fənər''in marağı var, nə də ''Qalatasaray''ın. Hər şey ona doğru gedir ki, Çalhanoğlu ''İnter''də sonuncu - 6-cı mövsümünü keçirərək komandanı tərk edəcək. Ötən mövsüm bu futbolçu 30 rəsmi oyunda iştirak edərək aktivinə 12 qol, 7 məhsuldar ötürmə yazıb.