Bu gün “Sabah” və “Zirə” Konfrans Liqasının pley-offuna vəsiqə qazanmaq üçün meydana çıxacaq. “Bayquşlar” “Sent Patriks”, “Qartallar” “Osiyek” ilə qarşılaşacaq.
Bəs komandalarımızın mərhələ adlamaq şansı nə qədərdi? Sevincimiz “ikidə iki” olacaq yoxsa “ikidə bir”? Bu suallarla təcrübəli mütəxəssis Azər Bağırova müraciət etdik. Onun “football-plus.az”a söylədikləri:
“Hər iki komandamıza uğurlar arzulayıram. Ümid edirəm ki, ölkəmizin reytinqinə töhfə verəcəklər. Real şanslara gəlincə, məncə, “Zirə” rəqibini daha yaxşı təhlil edib. Səfərdə əldə edilən heç-heçə, azarkeşlərin dəstəyi və çempionata uğurlu başlanğıc komanda üçün böyük motivasiyadı. Məsələnin müsbət tərəfi budusa, mənfi yönü “Osiyek”in doğma meydanda “Zirə”ni məğlub edə bilməməsidi. Yəni rəqib buna görə qıcıqlanıb. Belədə matça daha ciddi hazırlaşıb. “Zirə”nin şansını yarı-yarıya qiymətləndirirəm. “Sabah”ın durumu isə ürəkaçan deyil. Məncə, mərhələni adlamaq üçün 40 faiz şansı var. İlk oyundakı məğlubiyyət və qırmızı vərəqə planları pozub. Ümumiyyətlə, Krunoslav Renduliç avrokubokların cavab matçında qaneedici nəticələr qazana bilmir. “Makkabi”ylə ikinci oyun da bunun örnəklərindəndi”.
KƏNAN BAHADIR