Argentina DÇ-2022-də keçirdiyi 2-ci oyunda çətinliklə də olsa, qalib gələrək qrupdakı durumunu yaxşılaşdırdı.
İlk görüşdə Səudiyyə Ərəbistanına uduzan cənubi amerikalılar dünən Meksikanı 2 cavabsız qolla yendilər. Oyunu 1 qol və 1 məhsuldar ötürmə ilə tamamlayaraq qəhrəmana çevrilən Lionel Messi yeni rekordların müəllifi oldu. Əvvəlcə bildirək ki, 35 yaşlı superulduz 1966-cı ildən bu yana DÇ-də 1 qol və 1 məhsuldar ötürməlik performans sərgiləyən həm ən gənc, həm də ən yaşlı futbolçu statusunu qazandı. DÇ-2006-da Serbiya ilə oyunda 18 yaş 357 günlüyündə bunu bacaran Messi Meksika ilə oyunda 35 yaş 155 günlüyündə eyni uğura imza atdı. Bundan başqa Leo ardıcıl 5 mundialda məhsuldar ötürmə verməyi bacaran tarixdəki ilk futbolçu oldu!
Maraqlıdı ki, dünənki oyundan sonra Messi ilə digər argentinalı əfsanə Dieqo Maradonanın DÇ-lərdəki göstəriciləri bərabərləşdi (21 oyun, 8 qol)! Argentina tarixinin mundiallarda ən məhsuldar oyunçusu isə 10 qolla Qabriel Batistutadı.