"Turan Tovuz" premyer-liqanın 33-cü turunda "Sabah"a uduzdu - 1:2.
"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Maraqlı oyun oldu. Təəssüflər olsun ki, qol epizodlarını dəyərləndirə bilmədik. Elə oyundu ki, futbolçularıma pis heç nə deyə bilmərəm. Var gücləri ilə oynadılar. Gənc futbolçulara şans vermək üçün imkan var idi. Onları meydana buraxdıq.
- Mövsümü necə dəyərləndirirsiz?
- Ümumilikdə uğurlu mövsüm kimi qiymətləndirirəm. Amma bəzi bərabərsəviyyəli oyunlar oldu ki, xallar itirdik. Paltardəyişmə otağında futbolçulara mövsümə görə təşəkkürümü bildirdim.
- Mövsümün əvvəlində Ehtiram Quliyev bildirmişdi ki, hədəfimiz çempionluqdu. "Turan Tovuz" növbəti mövsümdə çempionluğa oynaya bilər?
- Çox şadam ki, klubun rəhbəri maksimum hədəflər qoyur. Bu, çox vacib məsələdi, məsuliyyəti də artırır. Bu mövsüm göstərdi ki, heyətin möhkəmləndirilməsi vacibdi. "Sabah" bunu sübut etdi. Çox güclü heyət yığdılar. Onların yaxşı baş məşqçiləri var. Nəticədə çempion oldular. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma büdcəmizin buna nə qədər imkan verəcəyini demək çətindi. Maliyyə imkanlarımızın necə olduğunu gözəl başa düşürük.
- "Turan Tovuz"la avrokuboklarda uğurlu nəticə əldə etmək olar?
- Hər şey heyətin gücləndirilməsindən asılı olacaq. Bu da maliyyə imkanları ilə bağlıdı. Heyət güclənsə, şanslar da yüksək olacaq.