AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda “Neftçi” və “Çinar” (Gəncə) klublarının apellyasiya şikayətlərinə baxılıb.
Tribunal hər iki klubun şikayətini təmin etməyib və AFFA İntizam Komitəsinin əvvəlki qərarlarını qüvvədə saxlayıb.
Qərara əsasən, premyer-liqanın 23-cü turunda keçirilmiş “Neftçi” - “Turan Tovuz” oyununda paytaxt təmsilçisinin azarkeşləri tərəfindən təhqiredici pankart açıldığı üçün kluba tətbiq olunan 15 min manat məbləğində cərimə qərarı dəyişdirilməyib.
Bundan başqa, U-13 Liqasında çıxış edən “Çinar”ın (Gəncə) apellyasiya müraciəti də təmin edilməyib. Bildirilib ki, klub transfer pəncərəsinin qeyri-aktiv dövründə qeydiyyatdan keçirilmiş dörd futbolçunun iştirakı ilə oyunlara çıxıb. Bu səbəbdən “Yasamal” (Şəmkir) və “Qoşqar”a (Gəncə) qarşı keçirilmiş matçların nəticələri ləğv olunub və “Çinar”a hər iki görüş üzrə 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə qərar qüvvədə saxlanılıb.
Tərəflərə hər iki qərarla bağlı Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququnun olduğu bildirilib.