"Football-plus.az" xəbər verir ki, Superliqada ciddi hədəfi qalmayan və bütün diqqətini kuboku qazanmağa yönəldən İstanbul nəhəngi aşkar favorit hesab olunurdu. Amma meydan sahibləri fanatlarına əsil şok yaşatdı. Görüşdə uzun müddət hesab açılmadı və tərəflər artıq əlavə vaxt barədə düşünürdü ki, son saniyələrdə qonaqlar penalti qazandılar. Olaitanın kobudluğuna görə təyin olunan penaltini Bardi dəqiq yerinə yetirdi. Final fitindən sonra fanatların Sərgən Yalçını istefaya səsləməsi diqqət çəkdi. Təcrübəli məşqçi meydanı tərk edərkən tribunadan hətta ona su şüşəsi də atıldı.
Maraqlıdı ki, kubok çərçivəsində bu komandalar 9-cu dəfə qarşılaşdı və ''Konyaspor'' qələbə sayında önə keçdi (4:3). Oyundan sonra başqan Sərdal Adalının da paltardəyişmə otağına yollanması diqqət çəkdi. Türkiyə mətbuatının yazdığına inansaq, paltardəyişmə otağında hərarətli anlar yaşandı.
Sərgən Yalçın fanatların etirazından çox üzülərək elə başqanın yanındaca istefa verməyə hazır olduğunu bildirdi. Ancaq Adalı və digər yönəticilər məşqçini istefadan daşındıra bildilər. Həftəsonu ''Trabzonspor''la oyunda Yalçın komandanın başında olacaq. Məşqçi oyunsonrası mətbuat konfransında bunları dedi:
''Fanatların istefa tələb etməyə haqqı çatır. Uğursuzluq varsa, mənim və rəhbərliyin məsuliyyəti üzərinə götürməsi normaldı. Amma bu dərəcədə etirazla qarşılaşmaq heç xoş olmadı. Biz bura klubun mənfəətləri üçün gəlmişik. Qarşıda hələ 2 oyun var. Sona iki tur qalmış buraxıb getmək ayıb olar. İmkan versələr, bu iki turu da oynamaq məcburiyyətindəyik. Bu müddətdə bəzi şeyləri dəyərləndirəcəyik. Fanatlarımız ayrılmağımı istəyirsə, ayrılaram. Bunda bir problem yoxdu. Şübhələri olmasın''.





