MLS-in 11-ci turunda ''İnter Mayami'' ''Orlando Siti''ni qəbul etdi. Meydan sahibləri oyuna inamlı başladılar. 4-cü dəqiqədə Yan Frey, 25-ci dəqiqədə Telasko Seqovya və 33-cü dəqiqədə Lionel Messinin qolları ilə komanda 3:0 önə keçdi. Amma qalan dəqiqələrdə yerli fanatları əsil şoka salan olaylar yaşandı. MLS-in ortabab klublarından olan ''Orlando Siti'' 39, 68 və 78-ci dəqiqələrdə fərqlənən Martin Oxedanın het-triki sayəsində hesabı 3:3 etdi. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Tayres Spayser qonaqlara tarixi qələbə qazandırdı. Messinin Florida klubundakı yubiley - 100-cü rəsmi oyunu uzun müddət unudulmayacaq bir fiasko ilə nəticələndi. Maraqlıdı ki, aprelin əvvəllərində istifadəyə verilən yeni ''Nu Stedium'' komanda üçün düşərsiz olmaqda davam edir. Son çempion bu stadionda keçirdiyi 4-cü oyunda da qələbəyə həsrət qaldı (3 heç-heçə, 1 məğlubiyyət)! 11 tura 19 xal toplayan və öz konfransında 3-cü pillədə qərarlaşan ''İnter Mayami'' növbəti turda ''Toronto''nun qonağı olacaq.