Türkiyə çempionatında yeni məşqçi təyinatı baş tutub.
Mövsümə bərbad start verən, 7 tura cəmi 4 xal toplayan və Torsten Fink ilə yolları ayıran “Samsunspor”un baş məşqçisiz günləri çox çəkməyib. “Ağ-qırmızılar” Nenad Byelitsa ilə anlaşıblar. Klubun açıqlamasında təcrübəli xorvatiyalı məşqçi ilə mövsümün sonuna qədər müqavilə imzalandığı qeyd olunub. Klubun göndərdiyi özəl təyyarə ilə Samsuna gələn 55 yaşlı mütəxəssis dərhal işə başlayıb.
Maraqlıdı ki, bir müddət öncə “Trabzonspor” “Samsunspor”un sabiq baş məşqçisi Tomas Rays ilə anlaşmışdısa, indi də “Samsunspor” “Trabzonspor”un sabiq çalışdırıcısı ilə anlaşıb. Byelitsa Türkiyədə daha öncə 2023-cü ilin aprel – oktyabr aralığında məhz “Trabzonspor”u çalışdırıb. Ancaq həmin vaxt onun Türkiyə macərası qısa və uğursuz alınmışdı. Trabzon təmsilçisi bu məşqçi ilə 16 oyundan 8 qələbə, 8 məğlubiyyət ilə ayrılmışdı.
Ümumiyyətlə, son illərdə Byelitsanın məşqçi karyerası uğurlu alınmır. O, 2017-20-ci illərdə Zaqreb “Dinamo”sunda ikisi çempionluq olmaqla 4 titul qazanıb. Amma 2020-dən sonra işlədiyi klublarda heç bir uğuru olmayıb. Byelitsa son olaraq 2024-ün yayında yenidən “Dinamo”ya qayıtmış, amma bir neçə aydan sonra qovulmuşdu. Yəni bu mütəxəssis 2024-ün dekabrından bəri işsiz idi.
“Trabzonspor”un sabiq məşqçisi Türkiyəyə qayıtdı
Dünya futbolu





