30 yaşlı əlcək sahibinin Türkiyə karyerası heç də pis başlamayıb. Almaniyalı həmkarlarımız İstanbul nəhənginin Avropa Liqasında “Hoffenhaym”la qarşılaşdığını nəzərə alaraq oyundan öncə Nübellə söhbətləşib. O, Türkiyədəki həyatından, Almaniya yığmasının baş məşqçisi Yürgen Kloppdan və yığmadan gözəl tanıdığı “Hoffenhaym”ın qapıçısı Oliver Baumanndan danışıb:
“Türk dilində öyrənməyə çalışıram. İstanbulda hələ ki mənə ən çox çətinlik yaradan məqam tıxaclardı. Bu əsl çılğınlıqdı. İlk gəldiyim vaxtlarda rahat şəkildə maşından istifadə edə bilirdim. Çünki hələ məktəblər açılmamışdı. Ancaq tətil bitəndən sonra burda əsl tıxacın nə demək olduğunu anlayırsan. Çox çətindi... Qarşıdakı ayda da yığmaya dəvət alacammı? Bunu ancaq Yürgen Klopp bilir. Heyət açıqlanandan sonra zatən kimin orda olub-olmadığını öyrənəcəyik. Təbii ki, öncəki heyətdə yer alan və meydana çıxan hər bir futbolçu növbəti dəfə də yığmaya çağrılmağı arzulayır. İndi bu haqda düşünməməyə çalışıram. Rahatam və tam “Beşiktaş”ın oyunlarına köklənmişəm. Klopp dönəminin başlanğıcının pis alınmadığını düşünürəm. Klopp hər futbolçuya pozitiv yanaşır. Hər futbolçuya onun önəmli olduğu hissini verir. Vaxt ötdükcə komandada birlik və bərabərliyin artacağını düşünürəm. Bu da insanların yığma komandaya olan coşqusunu yenidən alovlandıracaq. Klopp bundestim üçün doğru seçimdi. O həm insanları, həm komandanı, həm də ölkəni coşdura bilir. Yayda - mundiala hazırlıq dönəmində, turnirin gedişində Baumann ilə birlikdə çox vaxt keçirdik. Ondan öncə də bir çox toplanışlarda birlikdə olmuşduq. Eləcə də dəfələrlə bir-birimizə rəqib olmuşuq. Onu yenidən görmək üçün səbirsizlənirəm. Çox yardımsevər, hirsli, yaxşı qəlbli, əla bir insan və komanda yoldaşıdı. Lazım olan məqamlarda eqosunu bir kənara qoymağı bacarır. Belə qapıçıya sahib olmaq hər komanda üçün böyük dəyərdi. Ona görə də hamının onunla münasibəti yaxşıdı. “Hoffenhaym”a qarşı oyunun maraqlı alınacağını düşünürəm. Almaniyadakı çoxsaylı fanatlarımız da bizi dəstəkləməyə gələcək. Baxaq görək, bu oyunda “Hoffenhaym” özünü daha çox meydan sahibi kimi hiss edəcək, yoxsa biz?”





