"2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq" - Kurban Berdıyev

12.04.2026 21:20
Ölkə futbolu / Manşet
"Çox vacib qələbə idi. Futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. Allaha şükürlər olsun ki, qələbə qazandıq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri Misli premyer-liqasının 27-ci turunun “Sumqayıt”la matçdan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Oyunun ikinci hissəsində həyəcan daha çox hiss edilirdi. İki qoldan sonra arxayınlıq yarandı?
- 2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq. Bir qol da buraxdıq. Şükürlər olsun ki, hesab 2:2 olmadı.

- Meydançanın vəziyyəti necə idi?
- Çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindi.

- Əliyar Ağayev bu oyuna təyinat alsaydı, etiraz edərdiz?
- Nə etmək olar? Oynamaq lazımdı. Amma hakimlərdən heç kimi tanımıram.

- "Turan Tovuz" bu qələbə ilə "Qarabağ"a bir az da yaxınlaşdı. Artıq xal fərqi 4-ə enib. Bu onu göstərir ki, "Turan Tovuz" ikincilik uğrunda mübarizə aparır?
- Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdü. Hər şey Allahın əlindədi. Vacib olan növbəti oyundu.

- "Turan Tovuz" avrokuboklara neçə faiz hazırdı?
- İndidən fikir bildirmək çətindi. Heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdı. İndidən danışırıq. Amma hələ gedib ora çatmamışıq.

- "Turan Tovuz" avrokuboklara düşsə, ev oyunlarını Tovuzda oynamaq istəyərsiz?
- Əlbəttə. Tovuz bizim şəhərimizdi, bura bizim meydançamızdı. İstəyərdik.

- "Turan Tovuz"la müqaviləniz mövsümün sonunda bitir. Müqavilə müddətini artıracaqsız?
- Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidi.