"Football-plus.az" xəbər verir ki, bu sözləri millimizin kapitanı Emin Mahmudov “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.
O, əvəzetmələrə baxmayaraq, millinin fasilədən sonra da yaxşı oynadığını bildirib:
“Bizdə yaxşı rəqabət var. İkinci hissədə meydana çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər”.
Mahmudov qazonun durumunun heç də pis olmadığını söyləyib:
“Düzdü, güclü yağış yağırdı. Belə hava şəraiti istər-istəməz oyuna təsir göstərir. Bununla belə, güclü yağışa baxmayaraq, qazonun durumu elə də pis deyildi”.
Kapitan milliyə qoşulan yeni futbolçuların uyğunlaşması baxımından problem yaşamadıqlarını vurğulayıb:
“Hamı bir-birini yaxşı tanıyır. Demək olar ki, bütün futbolçular ölkə çempionatında çıxış edir. Ona görə də debütantlar üçün yığmaya qoşulmaq rahatdı”.
Sonda Mahmudov növbəti görüşdən də söz açıb:
“Növbəti matçımız daha çətin olacaq. Çünki Syerre Leone daha ciddi, daha güclü rəqibdi. Buna baxmayaraq, biz yenə də uğurlu çıxış etmək istəyirik. Çalışacağıq ki, qarşıdakı matçda da qələbə qazanaq”.





