Vaxtilə “Bari”, “Roma”, “Real”, “Sampdoriya”, “Milan”, “İnter” və “Parma”da oynamış Antonio Kassano yeniyetmə və gənc yaşlarında sərgilədiyi texnikalı və məhsuldar oyununu böyük klublarda nümayiş etdirə bilməməsi ilə daha çox yadda qalıb. Son illər İtaliya telekanallarında şərhçilik edən 43 yaşlı sabiq hücumçu sərt tənqidçi kimi tanınır.
"Football-plus.az" xəbər verir ki, onun son bir neçə gün ərzində ölkə futbolu ilə bağlı verilən suallara qeyri-adi cavabları diqqətəlayiqdi.
“Viva El Futbol” verilişində ondan ilk növbədə qalmaqallı “İnter” – “Yuventus” matçındakı (3:2) epizod ətrafında başverənlərə münasibət bildirməsi istənilib.
Xatırladaq ki, 42-ci dəqiqədə turinlilərin müdafiəçi Pyer Kalulu rəqib oyunçu Alessandro Bastoniyə yüngülcə təmas etdiyi üçün ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. İlk hissədən sonra başda baş məşqçi Luçano Spalletti olmaqla “Yuventus”un futbolçuları və məşqçiləri referi Federiko La Pennanın qərarına etiraz ediblər. Klubun baş direktoru Damien Komolli ilə direktoru Corco Kyellini jurnalistlərin qarşısına çıxaraq İtaliyada hakimliyin səviyyəsini sərt tənqid edib və VAR sisteminin işində islahatların aparılmasına çağırıblar. Prinsipial matçdan sonra A Seriyasının Hakimlər Komitəsinin sədri Canluka Rokki hakim La Pennanın Kaluluya ikinci sarı vərəqəni göstərməklə yanlış qərar verməsinə və VAR sisteminin bu səhvi düzəltmək üçün müdaxilə edə bilməməsinə görə dərin təəssüf hissi keçirdiyini deyərək üzr istəyib.
- Bu hakim səhvi və qalmaqalla bağlı fikriniz necədi?
- Hətta əfsanə sayılan Pavel Nedved də “Yuventus” – “Roma” matçında mənə qarşı təmasda olduğu kimi davranmış və üç dəfə “hər şey qaydasındadı” demişdi. Onda mediada heç bir təqib yox idi. Yaxşı yadımdadı, Krasiç Bolonyada dümdüz olan meydanda büdrədi, yıxıldı və heç kim heç nə demədi. Böyük sevgi və hörmət bəslədiyim Cici Buffon... mən onun ucbatından skudettonu qazana bilmədim. Özü də müsahibəsində “topun qapı xəttini keçdiyini anlasaydım belə, bu barədə heç nə deməzdim” deyə etiraf etmişdi. İndi isə hamı Bastoniyə mənəviyyatdan mühazirə oxuyur? Utanmalısız! Siz sosial şəbəkələrdə qəhrəman kimi davranan, Alessandronun sevgilisi ilə uşağına böhtan atan o dörd axmağı həvəsləndirirsiz, siyasətçilər və bir sıra vacib şəxslər isə odun üstünə yağ tökürlər.
İndi “Yuventus” mənəviyyat dərsi keçəcək?
Deyinməyi dayandırın! Siz doludan daha çox ziyan vurmusuz, indi simulyasiyaya görə narahatsız?! Bir neçə il əvvəl Pyaniç evə getməli idi. Mən Buffona görə skudettodan oldum. Muntarinin vurduğu qol sayılmadı, hərçənd top qapı xəttini üç metr keçmişdi...Krasçic bir fəlakət idi və gəlin Çekkarini və Ronaldo ilə baş verən hadisəni xatırlamayaq (hakim Pyero Çekkarini A seriyasında 1998-ci ildə keçirilən oyunda Ronaldonun “Yuventus”un cərimə meydançasında yıxılmasından sonra penalti təyin etməmiş, 1:0 hesabıyla qalib gələn turinlilər tezliklə çempion olmuş, milanlılar 2-ci yeri tutmuşdular - red.). Sızıldamağı dayandırın və susun! İndi “Yuventus”un əxlaq haqqında danışması, sadəcə, qəbuledilməzdi. İndiyədək bu komandanın lehinə o qədər qalmaqallı qərarlar verilib ki, indi “Yuve”nin azarkeşləri qəzəb içindədilər.
Bəs mənim kimi skudettonu itirən milyonlarla digər italyanın dərdini kim çəkəcək?! Və ya xoş münasibət saxladığım Kyellini meydanda hansı işlə məşğul idi? O, rəqiblə ən kiçik təmasda belə yıxılırdı.
Odu ki, gəlin Bastonini rahat buraxaq, onu bədheybət və böhtançı kimi göstərməyi dayandıraq. Təkrar edirəm, bu fikrim ilk növbədə futbolla heç bir əlaqəsi olmayan adamlara aiddi. Siz peşəkarlar isə başqalarına mühazirə oxumazdan əvvəl “Yuventus”un yaratdığı bütün qalmaqalları xatırlayın.
- “Milan” əzəli rəqibi “İnter” ilə sona qədər rəqabət apara biləcək?
- “Komo” ilə 1:1 hesabıyla sona çatan matçdan sonra hər şeyə böyük ölçüdə aydınlıq gəldi. Bu, hər iki qapıçının rəqibə qol hədiyyə etdiyi oyun idi. Komolular arabir keyfiyyətli oyun sərgilədilər. Amma fikrimcə, “Milan” adəti üzrə çox qarışıq oyun göstərdi və bu planda edə biləcəyimiz heç nə yoxdu. İnana bilmirəm ki, “Milan” kimi komanda bu cür oynamağa davam edə bilər. İndi “İnter” 10 xal irəlidədi və belə liderə yaxınlaşmaq çox, çox çətin olacaq. Məncə, artıq çempionluq məsələsi bitib. Mövsümün ilk günündən deyirəm: “Milan”ın digər komandalarla eyni dəstəyə düşməməsinə diqqət yetirin. Çünki izləyicilər tədricən yaxınlaşırlar, “Milan” isə derbi də daxil olmaqla hələ 3-4 çətin səfər oyununa çıxmalıdı.
- Komandanın oyun tərzini niyə bəyənmirsiz?
- Alleqrinin “Milan”ı antifulbol oynayır. Massimilianonun bu planda təklif edəcəyi yeni heç nə yoxdu. Biz vaxtilə “Milan”da onun dediklərini etmədən skudettonu qazanmasına kömək etmişik (komanda bu titula 2010/11 mövsümündə yiyələnib – red.). O, həmişə deyirdi ki, əsas məsələ qələbə qazanmaqdı. “Yuventus”u çalışdırdığı ikinci dövrdə heç nə qazanmadı (halbuki Alleqri 2023/24 mövsümündə Turin klubunu İtaliya kubokunda qələbəyə daşıyıb – red.). Bu il də sıfır. Sən artıq niyə qalib ola bilmirsən? Amma məşqçiliyə və pul qazanmağa davam edirsən.
- Keçmiş komandanız “Roma” haqda hansı fikirdəsiz?
- Qasperininin futbolunu bəyənirəm, amma “Roma”nın oyunu xoşuma gəlmir. Qasperininin əvvəlki komandası “Atalanta”nın sərgilədiyi oyunun heç 1 faizini də görə bilmirəm. Məşqçiyə lazım olan oyunçuları verməyiblər, nəticədə zibil kimi komanda qurulub. Belə vəziyyətdə, sadəcə, ümid edirəm ki, “Roma” sonadək “Çempionlar Liqası zonası”nda qala biləcək (paytaxt komandası hazırda bu turnirə vəsiqə verən sonuncu - 4-cü yerdədi – red.). Mövsümün sonunda 4-cü yeri tutmasalar, boslar sadəcə, “o, uğursuz oldu” deyəcəklər.
- Bəs keyfiyyətli sıçrayış etmək üçün nə lazımdı?
- Komanda əvvəlcə dörd və ya beş oyunçudan qurtulmalıdı: Mançini, Dibala, Kristante və Pelleqrini getməlidilər. Bizə videoçarx çəkən, futbolka öpən, dostlarını məmnun edən və hamı ilə mübahisəyə girişən bu oyunçular yox, gənc, güclü futbolçular lazımdı. Məsələn, komandaya yenicə gələn Malen oyunun gedişini dəyişə bilən güclü oyunçudu. Amma o, çox zəif olan liqamızda oynayır. Kristante meydanda özünü yol polisi kimi aparır. “Roma” adlarını çəkdiyim oyunçularla keçirdiyi bütün mövsümləri 6-cı və ya 7-ci yerlərdə başa vurub. Çirkli havanı xaric etmək və təmiz havanı içəri buraxmaq lazımdı.
- Françesko Tottinin klub rəhbərliyinə gətiriləcəyi haqda iddialar səslənir...
- Totti Xavyer Zanettinin “İnter”də oynadığı rolu oynamalıdı: onun səs hüququ var və paytaxtda hamı onu dinləməyə hər zaman hazırdı. Françesko yalnız klubun rəsmisi olmamalıdı.
- Milli komandamızın perspektivləri haqda nə deyərdiz?
- Qattuzo bizi dünya çempionatına çıxaracaq, lakin yığma zəifdi. Düzünü desək, bizim yalnız bir çempionumuz var, o da Donnarummadı. Espozito? O, yaxşı oynayır, amma “İnter”də əsas heyətin oyunçusu deyil. Onu təzyiq altında görmək istərdim: Totti ilə birgə 17 yaşımızdan əsas heyətdə oynamışıq.
Barella və Tonali? Kobud kimi görünmək istəmirəm, amma Tonalinin premyer-liqada düzgün inkişaf yolunda olmadığını deməliyəm. O, elə hey qaçır, qaçır, yüngül atletika ilə məşğul olmalıdı. Düzdü? Təkrar edirəm: Barella və Tonali zəifdilər. Əvvəllər Barella da meydanda çox qaçırdı, amma indi qaçmır. Bizə keyfiyyətli oyunçular lazımdı. Futbol keyfiyyət, ideyalar toplusudu. Suçiçi və Verqaranı bəyənirəm. Verqaranın dünya çempionatının pley-off oyunlarına dəvət alacağına ümid edirəm.