Premyer-liqada 25-ci tur çox məhsuldar alındı.
"Football-plus.az" xəbər verir ki, turun mərkəzi oyununda “Liverpul” evdə “Mançester Siti”yə uduzdu. “Şəhərlilər” çempionluq yarışında qaldı. Turnir cədvəlinə başçılıq edən “Arsenal” “Sanderlend”i darmadağın etdi. “Çelsi” böhran yaşayan “Vulverhempton”a Palmerin het-triki sayəsində qalib gəldi.
“Mançester Yunayted” də Karrikin rəhbərliyi altında qələbələri sıralamaqdadı. “Tottenhem”i qəbul edən “qırmızı şeytanlar” ardıcıl 4-cü oyundan qalib ayrıldı. Bir neçə tur əvvəl liderin əsas izləyicisi olan “Aston Villa” növbəti dəfə xal itirdi.
MS “Endild”də artıq 3-cü dəqiqədə hesabı aça bilərdi. Ancaq Holannın zərbəsindən sonra Alisson meydan sahiblərini xilas etdi. 10 dəqiqə sonra Marmuş də qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı, daha dəqiqi, “çərçivə”yə düşə bilmədi. İlk yarıda mançesterlilər daha yaxşı təsir bağışlasa da, komandalar fasiləyə bərabərliklə yollandı. 2-ci hissənin əvvəlində Ekitikenin bir neçə imkanı oldu, ancaq fransalı ulduz qeyri-dəqiq oynadı. 74-cü dəqiqədə mersisaydlılar “şəhərlilər”in qapısına yol tapa bildi. Soboslai standart vəziyyətdən güclü zərbə ilə Donnarummanı təslim olmağa məcbur etdi.
Bundan sonra MS böyük qüvvə ilə irəli atıldı. 84-cü dəqiqədə hesab bərabərləşdi. Holannın ötürməsindən sonra Bernardo Silva qapıya yol tapdı. İlk uzatma dəqiqəsində isə “şəhərlilər” penalti qazandı. Alisson Nunyeşə qarşı kobud oynadı. “Nöqtə”yə yaxınlaşan Holann imkanı boşa vermədi. “Qırmızılar”ın məğlubiyyətdən qaçmaq imkanı olsa da, Makallisterin zərbəsindən sonra Donnarumma komandasını xilas etdi. 90+13-cü dəqiqədə Soboslai birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Beləliklə, əzmkar qələbə qazanan MS “Arsenal”ı izləməkdədi.
O “Arsenal”ı ki, çoxdan gözlənilən çempionluğa doğru inamla addımlamaqdadı. “Topçular” “Sanderlend”i qəbul etdi. Oyuna yaxşı başlayan “qara pişiklər” 8-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Rayyanın səhvindən sonra Brobbinin qapıya yönəltdiyi topu xətdən Haverts çıxardı. “Arsenal” ilk təhlükəli vəziyyəti 30-cu dəqiqədə yaratdı. Raysın zərbəsindən sonra top qapıdan azca aralı keçdi. Fasiləyə az qalmış “topçular” hesabı açdı.
Subimendi uzaq məsafədən fərqləndi. 2-ci hissənin əvvəlində qonaqların hesabı bərabərləşdirmək şansı olsa da, Rayya Talbinin zərbəsindən sonra inamlı oynadı. 66-cı dəqiqədə “Arsenal” fərqi artırdı. Sonradan meydana çıxan Dyökereş fərqləndi. Qonaqlar intriqanı bərpa etməyə çalışdığı anlarda dubl edən Dyökereş oyunun taleyinə tam aydınlıq gətirdi.
“Çelsi” Liam Rosenyorun rəhbərliyi altında çempionatda ardıcıl 4-cü qələbəsini qazandı. “Zadəganlar” “Vulverhempton”la səfər oyununda heç bir çətinlik yaşamadı. Onlar artıq 13-cü dəqiqədə irəli çıxdı. Dohertinin Pedroya qarşı kobudluğuna görə təyin olunan penaltini Palmer qola çevirdi. Ardından Fernandeslə Hüstonun fərqi artırmaq imkanları olsa da, qapıçı Sa “canavarlar”ı xilas etdi. Amma 35-ci dəqiqədə “Çelsi” növbəti qolu vurdu. Yenə penalti, yenə Palmer... Yarımmüdafiəçi fasiləyə qədər het-trik etməyə də imkan tapdı və bununla da oyunun taleyi həll olundu.
Düzdü, 2-ci hissənin əvvəlində “Vulverhempton” nəsə etməyə çalışdı. Əvvəlcə Qomeş topu dirəyə vurdu, ardından Arokodare qollardan birinin əvəzini çıxdı. Qonaqların bundan artığına gücü çatmadı. İnamlı qələbə qazanan “Çelsi” “ÇL zonası”nın arxasında qərarlaşıb.
“Çelsi” ilə yanaşı, MY də qələbələri sıralayır. MS, “Arsenal” və “Fulhem”in ardından növbə “Tottenhem”ə çatdı. Karrikin komandası artıq 2-ci dəqiqədə təhlükəli vəziyyət yaratsa da, Mbemo topu tirin üzərindən vurdu. 10 dəqiqə sonra Kazemiro uzaq məsafədən “atəş açdı”, ancaq Vikario qola imkan vermədi. Şimali Londondan olan qonaqlar buna Qallaherin təhlükəli zərbə ilə cavab verdi. 21-ci dəqiqədə Kunya effektli qol vura bilərdi, braziliyalı forvardın zərbəsində azca dəqiqlik çatmadı.
29-cu dəqiqədə “mahmızlar” gözlənilmədən azlıqda qaldı. Adi vəziyyətdə Kazemiroya qarşı hədsiz kobud oynayan Romero birbaşa “qırmızı” ilə qovuldu. Hələ fasiləyə qədər mankunianlar say üstünlüyündən yararlandı. Maraqlı şəkildə yerinə yetirilən künc zərbəsinin ardından Mbemo topu tora göndərdi. “Yunayted”in başqa imkanları da var idi, sadəcə, Vikario bir neçə seyvlə komandasını oyunda saxladı. 2-ci hissəsin əvvəlində Diallonun qolu ofsayd üzündən sayılmadı. 69-cu dəqiqədə meydan sahiblərinin daha bir qolu ofsayda “qurban getdi”. Nəhayət, 81-ci dəqiqədə “qırmızı şeytanlar”, daha doğrusu, Fernandeş qaydalar çərçivəsində qol vurdu.
Turun ən məhsuldar oyununun iştirakçısı “Qarabağ”ın ÇL-dəki rəqibi “Nyukasl” oldu. “Brentford”la oyuna inamlı başlayan “sağsağanlar” müdafiəçi Botmanın ilk yarının ortalarındakı qolu ilə irəli çıxdı. Ruhdan düşməyən “arılar” isə fasiləyə qədər nəinki hesabı bərabərləşdirə, hətta önə də keçə bildilər. Əvvəlcə Yanelt fərqləndi, fasilə ərəfəsində Tyaqo penaltini dəqiq yerinə yetirdi.
“Nyukasl” 2-ci hissədə hesabı bərabərləşdirmək üçün əlindən gələni etdi. Eddi Haunun çalışdırdığı komanda yalnız 79-cu dəqiqədə “status-kvo”nu bərpa etdi. Amma 6 dəqiqə sonra “Brentford” yenidən hesabı dəyişdi. Uattaranın qolu “arılar”a əzmkar qələbə qazandırdı. “Qarabağ”ın rəqibi bütün turnirlər çərçivəsindəki son 9 oyunun yalnız birində qalib gəlib.
Turun qalan oyunlarına gəlincə, “Aston Villa” ardıcıl 2-ci oyunda qələbəyə həsrət qaldı. “Vest Hem” isə təhlükəli zonadan uzaqlaşmaqdadı. “Çəkicdöyənlər” səfərdə “Bernli”nin qapısından iki cavabsız qol keçirdi. “Everton” “Fulhem” üzərində əzmkar qələbə qazandı. “Lids” də “Nottingem Forest”i məğlub etməklə azarkeşlərini sevindirdi. Turun yalnız bir qol vurulan yeganə oyununda “Kristal Pelas” səfərdə “Brayton”a qalib gəldi.
25-ci tur
Liverpul – Mançester Siti 1:2
Soboslai, 74 – B.Silva, 84. Holann, 90+3. (61204)
Liverpul: Alisson, Soboslai, Konate, Van Diyk, Kerkez (Kyeza, 90+5), Qravenberx, Makallister, Salah, Virts, Qakpo (Cons, 85), Ekitike.
MS: Donnarumma, Nunyeş, Xusanov (Dias, 61), Qehi, Ayt-Nuri, B.Silva, Rodri, O’Rayli, Semenyo (Ake, 90+6), Holann, Marmuş (Şerki, 61).
Arsenal – Sanderlend 3:0
Subimendi, 42. Dyökereş, 66; 90+3. (60312)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Kalafyori (İnkapye, 67), Haverts (Eze, 67), Subimendi, Rays, Madueke (Martinelli, 60), Jezus (Dyökereş, 60), Trossar (Nerqor, 89).
Mançester Yunayted – Tottenhem 2:0
Mbemo, 38. Fernandeş, 81. (73985)
MY: Lammens, Dalot, Maquayr, Martines, Şou (Mazraui, 87), Kazemiro (Uqarte, 87), Maynu (Fletçer, 90+2), Diallo, Fernandeş, Kunya (Şeşko, 75), Mbemo (Zirkzee, 87).
Vulverhempton – Çelsi 1:3
Arokodare, 54 – Palmer, 13-p.; 35-p.; 38. (29762)
Çelsi: Sançes, Hüsto (Açimponq, 75), Fofana, Çaloba, Kukurelya, Kaysedo, Palmer (Qarnaço, 61), Santos (Hato, 84), Fernandes, Neto, Pedro (Delap, 75).
Nyukasl – Brentford 2:3
Botman, 24. Gimarayns, 79-p. – Yanelt, 37. Tyaqo, 45+2-p. Uattara, 85. (52032)
Nyukasl: Poup, Trippyer (Bern, 87), Tiav, Botman, Holl, Uillok (Elanqa, 46), Gimarayns, Tonali (Remsi, 87), C.Mörfi (Voltemade, 46), Vissa (Osula, 65), Barns.
Lids – Nottingem Forest 3:1
Boql, 26. Okafor, 30. Kalvert-Lüin, 49 – Lukka, 86. (36835)
Bernli – Vest Hem 0:2
Sammervill, 13. Kastelyanos, 26. (21273)
Bornmut – Aston Villa 1:1
Rayan, 55 – Rocers, 22. (11248)
Fulhem – Everton 1:2
Mikolenko, 18-öz qapısına – Dyusberi-Holl, 76. Leno 83-öz qapısına. (27155)
Brayton – Kristal Pelas 0:1
Sarr, 61. (29352)
1. Arsenal 25 17 5 3 49-17 56
2. Mançester S. 25 15 5 5 51-24 50
3. Aston Villa 25 14 5 6 36-27 47
4. Mançester Y. 25 12 8 5 46-36 44
5. Çelsi 25 12 7 6 45-28 43
6. Liverpul 25 11 6 8 40-35 39
7. Brentford 25 12 3 10 39-34 39
8. Everton 25 10 7 8 28-28 37
9. Sanderlend 25 9 9 7 27-29 36
10. Fulhem 25 10 4 11 35-37 34
11. Bornmut 25 8 10 7 41-44 34
12. Nyukasl 25 9 6 10 35-36 33
13. Kristal Pelas 25 8 8 9 26-29 32
14. Brayton 25 7 10 8 34-33 31
15. Tottenhem 25 7 8 10 35-35 29
16. Lids 25 7 8 10 34-43 29
17. Nottingem Forest 25 7 5 13 25-38 26
18. Vest Hem 25 6 5 14 31-48 23
19. Bernli 25 3 6 16 25-49 15
20. Vulverhempton 25 1 5 19 16-48 8
Bombardirlər: Holann (MS) – 21, Tyaqo (Brentford) – 17, Semenyo (Bornmut) – 12, Ekitike (Liverpul), Kalvert-Lüin (Lids) - 10.
Növbəti turun oyunları fevralın 10-12-si aralığında keçiriləcək: Tottenhem – Nyukasl, Çelsi – Lids, Everton – Bornmut, Vest Hem – Mançester Yunayted, Aston Villa – Brayton, Kristal Pelas – Bernli, Mançester Siti – Fulhem, Nottingem Forest – Vulverhempton, Sanderlend – Liverpul, Brentford – Arsenal.
Turun rəqəmi
200 – Bruno Fernandeş premyer-liqada “qol+ötürmə” göstəricisi üzrə xalını bu həddə çatdırdı. Portuqaliyalı yarımmüdafiəçi bu liqada keçirdiyi 314 oyunda 104 qol vurub, 96 məhsuldar ötürmə verib. MY-nin oyunçuları arasında 200 məhsuldar hərəkətə Fernandeşdən daha tez çatan Ueyn Runidi. Ona bunun üçün 295 oyun lazım gəlib.
Turun ulduzu
Koul Palmer (Çelsi) – tədricən forma yığan futbolçu “Vulverhempton”la oyunun taleyini həll etdi. Koul hələ ilk yarıda üç qol vurmağı bacardı. O, sonuncu dəfə 2024-də het-trik etmişdi.
Turun sitatı
Bernardo Silva, MS-nin yarımmüdafiəçisi: