İlk dövrənin gedişində Rafa Silva ilə bağlı ciddi problem yaşayan və sonda bu futbolçu ilə vidalaşmalı olan ''Beşiktaş''da indi də başqa futbolçu ilə bağlı böhran yaşandığı iddia edilib.
"Football-plus.az" xəbər verir ki, söhbət Vatslav Çernıdan gedir. Bu iddianı ''Fanatik'' nəşri ortaya atıb. Nəşrin yazdığına görə çexiyalı futbolçu komandanın durumundan narazı olduğu üçün rəhbərliyə ayrılmaq istədiyini bildirib. Xəbərin davamında qeyd olunub ki, rəhbərlik bu qış Çernının ayrılmasına icazə verməyib. Futbolçu da menecerini İstanbula çağırıb. Onun meneceri David Nehoda Türkiyəyə gələrək yönəticilərlə söhbət edib. O, solaxay futbolçunun mövsümün sonunda birmənalı şəkildə ayrılmaq istədiyini dilə gətirib.
Bu arada bu xəbərin qısa müddət ərzinə yayılmasından sonra ''Beşiktaş'' rəsmi olaraq təkzib bəyanatı yayıb. Klubun yazılı açıqlamasında ''Fanatik'' nəşrinin xəbərinin tamamilə uydurma olduğu qeyd olunub. Fanatlara məsləhət görülüb ki, klubun daxilindəki ab-havanı pozmaq üçün bilərəkdən ortaya atılan bu iddialara inanmasınlar.
Türkiyədə ilk mövsümünü keçirən 28 yaşlı yarımmüdafiəçi indiyə qədər ''ağ-qaralar''ın heyətində 19 rəsmi oyunda aktivinə 6 qol, 6 məhsuldar ötürmə yazıb.