Bilindiyi kimi, dekabrın 21-dən Afrika Millətlər Kubokunun (AMK) həyəcanı yaşanır. Təşkilatçi ölkə olan Mərakeşin əldə edəcəyi gəlirin təxmini məbləği açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu ölkədə keçirilən qitə çempionatı yerli iqtisadiyyatına milyardlarla dollar gəlir qazandıracaq.
Belə ki, “Al Arabiya” telekanalının məlumatına görə, qitənin yığmalar arasında ən nüfuzlu futbol turniri turizm sektorunda ciddi canlanma yaradacaq. Yarış müddətində ölkəyə 500 mindən 1 milyona qədər əcnəbi turistin səfər edəcəyi gözlənilir. Proqnozlara əsasən, otelçilik, nəqliyyat və restoran sektorlarının turnirdən əldə edəcəyi ümumi gəlir 450 milyon dollardan 1,2 milyard dollara qədər təşkil edəcək. Bundan əlavə, Afrika Millətlər Kubokunun yayım hüquqlarının satışından təşkilatçıların təxminən 22,5 milyon dollar gəlir əldə edəcəyi bildirilir.
Qeyd edək ki, Mərakeş bu turnir üçün infrastruktura rekord məbləğdə, təxminən 16 milyard dollar sərmayə qoyub. Bu sərmayə AMK ilə yanaşı, həm də uzunmüddətli planlar çərçivəsində həyata keçirilib. Belə ki, hazırkı stadionlar 2030-cu ildə Mərakeşin İspaniya və Portuqaliya ilə birgə evsahibliyi edəcəyi dünya çempionatının oyunlarına da səhnə olacaq.