Dekabrın 22-də Səudiyyə Ərəbistanında İtaliya Superkubokunun qalibi müəyyənləşdi.
"Football-plus.az" xəbər verir ki, 38-ci dəfə təşkil edilən matçda “Napoli” ilə “Bolonya” qarşılaşdı. Ər-Riyadda baş tutan finalın qalibi favorit sayılan komanda oldu.
final
Napoli - Bolonya 2:0 (1:0)
Napoli: Milinkoviç-Saviç, Di Lorentso, Rrahmani, Juan Jezus (Buoncorno, 84), Spinatsola (Qutyerres, 68), Lobotka, Elmas (Lanq, 68), Maktominey, Politano, Neres (Matsokki, 78), Höylunn.
Bolonya: Ravalya, Holm, Heggem, Lukumi, Miranda, Pobeqa, L.Ferqyuson (Dallinqa, 69), Odqor (Moro, 46), Orsolini (Dominges, 80), Kambyaqi (Rou, 69), Kastro (İmmobile, 80).
Qollar: Neres, 39 (1:0). Neres, 57 (2:0).
Vərəqələr: Heggem, 44. Kambyaqi, 50. Holm, 78. Politano, 79 - sarı.
Hakim: Andrea Kolombo.
22 dekabr. Ər-Riyad. 15000 tamaşaçı.
Bir daha xatırladaq ki, 2023-cü ildən Superkubokun formatında dəyişiklik edilib. İtaliya çempionu ilə ölkə kubokunun son qalibi arasında keçirilən bir oyundan ibarət mübarizənin əvəzinə 4 komandanın iştirakı ilə mini-turnirin təşkilinə qərar verilib. Yenə Səudiyyə Ərəbistanının evsahibliyi etdiyi turnirin reqlamentinə əsasən, yarımfinalın ilk oyununda A seriyasının son çempionu “Napoli” ölkə kubokunun finalçısı “Milan”la qarşılaşmış və 2:0 hesabıyla qalib gələrək finalın ilk iştirakçısı olmuşdu. İtaliya kubokunun sahibi “Bolonya” isə vitse-çempion “İnter”ə əsas vaxtı 1:1 hesabıyla sona çatan digər yarımfinalda penalti seriyasında üstün gəlmişdi - 3:2.
Onu da xatırladaq ki, “Napoli” bu mövsüm A seriyasında noyabrın 9-da səfərdə “Bolonya”ya iki cavabsız top buraxaraq uduzmuşdu. Buna baxmayaraq, finalın favoriti İtaliyanın son çempionu sayılırdı. Bukmeker kontorları neapollulara üstünlük verərkən, çox güman, son oyunlarda əla çıxışı ilə yadda qalan Bernardeskinin zədələnməsini də nəzərə almışdılar.
Proqnoz doğruldu. Görünür, Antonio Konte həmin məğlubiyyətə səbəb olan amilləri yaxşıca dəyərləndirmiş, bolonyalılara qalib gəlməyin yollarını axtarıb tapa bilmişdi. “Əl-Əvval Park” stadionunda baş tutan həlledici matç ümumilikdə “Napoli”nin diqtəsi ilə keçdi. Neapollular rəqibindən oyun planında üstün idilər. Onlar hesabı erkən aça bilərdilər. Lakin topu Maktomineydən alan Elmasın zərbəsi qapının yaxın küncünə yönəlmədi. Az sonra Neresin qapıya istiqamətləndirdiyi Spinatsolanın hesabı açmasına müdafiəçi mane oldu. Nəhayət, gözlənilən qol fasilə ərəfəsində reallaşdı: məsuliyyəti üzərinə götürən Neres topu güclü zərbə ilə qapının uzaq küncünə yönəltdi.
İlk hissənin sonunda hesabı açan Kontenin komandası bundan sonra da oyuna diqtə edən tərəf oldu. “İnter”lə oyunun qəhrəmanı olan Ravalya Höylunn ilə Rrahmaninin zərbələrini dəf etməklə oyundaşlarını az da olsa, ilhamlandırdı. Lakin hücuma meyl etməyə başlayan bolonyalılar rəqibin güclü pressinqi qarşısında səhv edərək topu ikinci dəfə qapısında gördülər: Lukumini aldadaraq arxada qoyan Neres topu qapıçının başı üzərindən tora qovuşdurdu. Qalan vaxtda hesab darmadağın həddinə çata bilərdi. Höylunnun matçın qəhrəmanı olan Neresə ötürməsi dəqiq alınmadı, Maktomineyin sevinməsinə rəqib oyunçu mane oldu. Ən yaddaqalan epizodda isə Politano bir neçə metrdən boş qapıya yol tapa bilmədi.
Beləliklə, İtaliya Superkubokunun finalında ilk dəfə oynayan “Bolonya”nın daha bir uğura gücü çatmadı. 2:0 hesabıyla qalib gələn “Napoli” isə bu il azarkeşlərinə əla Milad hədiyyəsi etdi!
Yeri gəlmişkən...
İtaliya Superkuboku gələn ildən əvvəlki formatla keçiriləcək. Bunu A Seriyasının prezidenti Etsio Simonelli bəyan edib. O, Italia 1 telekanalına açıqlamasında turnirin növbəti mövsümdən yalnız finaldan ibarət olacağını, həlledici matçda İtaliya çempionu ilə ölkə kubokunun sahibinin qarşılaşacağını bildirib.
Faktlar
* “Napoli” 3-cü dəfə İtaliya Superkubokunun qalibi oldu. Cənublular bu turnirdə daha əvvəl 1990 və 2014-cü illərdə qalib gəliblər.
* Superkuboku ən çox qazanan komanda “Yuventus”du - 9 dəfə. “Milan”la “İnter”in hesabında hərəyə 8 superkubok var, “Latsio” isə 5 dəfə turnirin qalibi olub.
* Konte “Napoli” ilə ikinci titulunu qazandı. O, komandanı ötən mövsüm A seriyasında qələbəyə daşıyıb.
* Konte məşqçi karyerasında 10-cu titulunu qazandı. İtaliyalı mütəxəssis bundan əvvəl “Yuventus”u üç, “Çelsi”, “İnter” və “Napoli”ni bir dəfə ölkə çempionatında, “Yuventus”u iki dəfə İtaliya superkubokunda, “Çelsi”ni isə bir dəfə İngiltərə kubokunda qələbəyə daşıyıb.
Oyundan sonra
Antonio Konte, “Napoli”nin baş məşqçisi: