“Napoli” iki od arasında: yansın, yansın, yansın…

22.11.2025 09:41 44
Aktual / Avrokuboklar
“Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının liqa mərhələsində taleyüklü oyun keçirəcək.

Rəqib İtaliya çempionu “Napoli” olsa da, ən azı 1 xala ümid etməyimiz üçün ciddi əsaslar var. Ardıcıl uğursuzluqlar Neapol klubunun düşərgəsində əhval-ruhiyyəni pozub, qeyri-adi xarakterə malik baş məşqçi bir ara hətta komandanı basil-başına buraxaraq dincəlirdi. Kevin de Bruyne və Andre Zambo-Anqissa kimi iki əsas oyunçuları zədəlidi.

Hələ başqa önəmli məqam da var. “Napoli”ni “Qarabağ”la oyundan əvvəl və sonra A seriyasında iki önəmli qarşılaşma gözləyir. Maradonanın sabiq komandası sabah “Atalanta”nı qəbul edəcək, 30-da isə “Roma”nın qonağı olacaq. Həmin oyunlardakı mümkün uğursuzluq Kontenin “kreslosunu laxladacaq”.

Odu ki, “Napoli” iki od arasındadı. Vəfa Şərifovanın populyar mahnısında deyildiyi kimi: yansın, yansın, yansın…

MÜZƏFFƏR QULUZADƏ