DÇ-2026-nın seçmə mərhələsinin Afrika zonasına yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, qrup liderləri birbaşa mundiala vəsiqə qazandısa, ikinci pilləni tutanlar arasında ən yaxşı 4 komanda pley-offda oynayacaq.
Pley-offa qatılanlar arasında Nigeriya da var. Son tura 3-cü pillədə daxil olan Viktor Osimhenin şərəfini qoruduğu komanda qrupdan çıxmamaq təhlükəsi ilə üzləşmişdi. Nigeriya 1-ci pilləyə yüksəlmək üçün lider Benini ən azı 2 top fərqi ilə məğlub etməli və digər oyunda Cənubi Afrikanın xal itirməsinə ümid bəsləməli idi. ''Super qartallar'' üzərlərinə düşəni artıqlaması ilə yerinə yetirdilər. Osimhenin het-trik etdiyi qarşılaşmada meydan sahibləri 4:0 qalib gəldilər. Amma bu, DÇ-yə birbaşa vəsiqə üçün kifayət etmədi. Çünki Cənubi Afrika Ruandanı 3:0 darmadağın edərək qrupu zirvədə tamamladı və 2010-dan bu yana ilk dəfə dünya çempionatında oynamağa haqq qazandı.
Nigeriya pley-offun yarımfinalında Qabonla üz-üzə gələcək. Bu oyunda ''Qalatasaray''ın iki üzvü - Osimhen ilə Mario Leminanın dueli baş tutacaq. Digər cütdə Konqo DR ilə Kamerun qarşılaşacaq.
Pley-off matçları və həlledici final oyunu noyabrın 13-16-da Mərakeşdə keçiriləcək. Bununla da Afrika qitəsindən mundiala vəsiqə qazanan sonuncu - 10-cu komandanın adına aydınlıq gələcək.
Yığmada 3-cü dəfə het-trik edən Osimhen 44-cü oyunda vurduğu qolların sayını 29-a yüksəltdi. O, bu komandanın tarixinin ən məhsuldar futbolçusudu.