“Azərbaycan yığmasında “Qarabağ”ın 7 futbolçusu var” – Deşam bizdən qorxur?

9.10.2025 16:22 24
Dünya futbolu / Manşet
Millimiz sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsinə Fransanın qonağı olacaq.

“Football-plus.az” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Didye Deşam oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

– Azərbaycanla oyuna hazırlaşmaq çətindi, yoxsa böyük futbol ölkəsi ilə?
– Futbolçular böyük komandaları daha yaxşı tanıyır. Azərbaycan millisiylə bağlı durum isə fərqlidi. Bəli, rəqibimiz Avropanın ən yaxşılarından biri deyil. Ancaq Ukrayna ilə heç-heçə ediblər. Habelə Azərbaycan yığmasında “Qarabağ”ın 7 futbolçusu var. Onlar “Benfika”ya qalib gəliblər. İndi bizə qarşı bir yerdə mübarizə aparacaqlar. Həll yollarını tapmalıyıq.

– Kilian Mbappe Azərbaycana qarşı oynayacaqmı?
– O özünü yaxşı hiss edir. Bu gün axşam keçiriləcək məşqdə iştirak edəcək. Hər şey qaydasında olsa, sabah meydana çıxa bilər.

– Start heyətində ciddi dəyişiklik ola bilər?
– Azərbaycanla oyun bizim üçün ən vacib matçdı. İki qarşılaşma arasında cəmi üç gün var. Hər iki görüşdə yetərincə çox futbolçuya şans verməyə çalışacam. Mövqeyimizi qorumalıyıq. O başqa məsələ ki, Azərbaycanla oyunda start heyətində bəzi dəyişikliklər ola bilər.

– Dəyişiklikləri nəyə əsasən edəcəksiz?
– Azərbaycanla oyunda sürətə, cinahlarda olan mübarizələrdə qalib gəlməyə, mərkəzdə isə güclü oyunçulara ehtiyacımız var. Bunları kimin edə biləcəyinə inansaq, ona şans verəcəyik.

– Azərbaycan FİFA reytinqində 122-ci sıradadı. Futbolçuların arxayınlaşmasından qorxmalıyıq?
– Buna haqqımız yoxdu. Azərbaycan yığması Ukrayna ilə heç-heçə edəndən sonra millidə bayram ab-havası yaranıb. İtirəcək nələrisə yoxdu. Onları təhlükə yarada biləcəkləri fürsət verməməliyik. 6 xalımız var, ancaq bu yetərli deyil. Bizim üçün hər oyun vacibdi.

KƏNAN BAHADIR