Dünən Misli premyer-liqasında mövsümün ilk baş məşqçi ayrılığı yaşandı: “Kəpəz” Adil Şükürova xidmətlərinə (görəsən, hansı xidmətlərinə - red.) görə təşəkkür edib yola saldı.
Səbəbdən xəbər tutmamış olmazsız. Əslində buna görə premyer-liqanı diqqətdə saxlamağa da dəyməz. Kimsə hardasa uğursuz nəticələrdən danışırsa, baş rolda mütləq “Kəpəz”di. Bu gündən, dünəndən yox, lap o vaxtdan bu cürdü. Uçuq-sökük evi xatırladan klub uzun illərdi hansısa xilaskarlar sayəsində ayaqda, daha doğrusu, premyer-liqada qalmağı bacarır. Etiraf edək ki, Tərlan Əhmədov və Azər Bağırov kimi təcrübəli mütəxəssislər olmasa, “sarı-göylər” varlığını ən yaxşı halda 1-ci liqada davam etdirəcəkdi. Yaxşı ki, ən kritik dönəmdə əlini daşın altına qoyan çalışdırıcılar işinin öhdəsindən layiqincə gəldilər. Sonrası məlumdu. Düzü, hələ də bilinməyən bir şey varsa, o da “Kəpəz” idarəçilərinin uğur reseptidi. Görəsən, orda hansı tələblər var ki, hədəfə çatanlar da başını götürüb qaçır, çatmayanlarda... Bunda işimiz yox...
İndi “sarı-göylər” yeni baş məşqçi axtarır. Yenə kimsə özünün formalaşdırmadığı komandaya oynamağı, xal toplamağı öyrətməli, klubu premyer-liqada saxlamalı və mövsümün sonunda istefa ərizəsini yazmalıdı. “Kəpəz”in həm yerli, həm də əcnəbi mütəxəssislərlə danışıq apardığı bəllidi. Ancaq indi eyni çuxura iki dəfə düşə biləcək adam tapmaq çətin görünür. Bu üzdən gəncəli azarkeşlərin “ya Tərlan Əhmədovu qaytarın, ya da Azər Bağırovu” kimi tələbi çağırış kimi qalacaq. İndi tək çarə hansısa əcnəbi mütəxəssisdi. Yox, təbii ki, həmin şəxs “Kəpəz”i premyer-liqada saxlamağın çarəsi deyil. Sadəcə, bu gün “Kəpəz”də yalnız əvvəlki uğurlu baş məşqçilərin taleyindən xəbərdar olmayanlar çalışa bilər. Gerisi Allaha qalıb...
Əlbəttə, əvvəlki dönəmində uğursuz olan Adil Şükürovu yenidən sözügedən posta təyin edən rəhbərliyi, burda baş verən bəzi proseslərdən xəbərdar olsa da, qayıdan mütəxəssisi uzun-uzadı qınaya bilərik. Hər halda, buna görə kimsə biz “gözünün üstündə qaşın var” deyə bilməz. Sadəcə, görünən kəndə bələdçi lazım deyil. Hər şey gün kimi aydındı... idi... “Kəpəz” hələ premyer-liqada qalmağı bacaran kollektivin xeyli üzvünü yola salanda, komandanın formalaşdırılması prosesini vaxtında tamamlaya bilməyəndə, ayrılıq, xaos xəbərləri saytların manşetini bəzəyəndə, ən əsası, yoldaşlıq oyunlarından yayınlanan görüntüləri izləyəndə. Qısası, bu komanda yanlış seçimlərin toplusudu. “Sarı-göylər” 1-ci liqaya yollanmağa ən real namizəddi.
Bundan sonra nə dəyişəcək? Təbii ki, hələ mövsümün əvvəlidi və sona hələ çox var. Lakin indi premyer-liqada turların sayı daha azdı. İş ondadı ki, yeni baş məşqçi böyük ehtimalla “Qarabağ”a qarşı oyunda debüt edəcək. “Qarabağ”a ha! Bəli, hadisələri qabaqlamağa çalışmaq adətimiz deyil. Ancaq gərək əfv edəsiz, çünki indi durum fərqlidi. “Kəpəz” illərdi eyni səhvləri təkrarlayır, eyni addımları atır və eyni aqibətlə üzləşir. Bu cür məsələlər isə futbolda sadəcə teoremdi. 2+2=4 edirsə, bu cür məsuliyyətli işə yanaşma tərzinin doğru olmaması da eyni mənzərəylə nəticələnir. Və bu dəfə “Kəpəz” üçün hansısa ümiddən danışmaq yersizdi. Gəncə təmsilçisinin premyer-liqada qalması üçün qalan 11 klubdan biri azı onun gününə düşməlidi. Həmin səviyyə isə çox dibdədi...
Səhv başa düşməyin, təbii ki, məqsədim aşağılamaq deyil. Ancaq fərsiz futbolçular, ev oyunlarının Gəncədə keçirilməməsi, ilk 5 turda qeydə alınan biabırçı nəticələr və bunun yaratdığı pisoxoloji təzyiq, azarkeşlərin tələbkarlığı, uğurlu məşqçilərlə belə müəyyən vaxtdan sonra ortaq məxrəcə gəlməkdə çətinliyin çəkilməsi kimi amillər vəziyyətin təxmin edildiyindən daha bərbad olduğununu göstəricisidi. Acı olsa da etiraf edək ki, “Kəpəz”ə nə milli fasilələr kömək edəcək, nə hansısa oyunlarda qazanılacaq heç-heçələr. Çarə yalnız ardıcıl qələbələrdi ki, iddialı olmayan komandalar belə indiyəqədərki oyunlarda yetərincə yaxşı performans göstərməklə yanaşı xal ehtiyatını artıra bilib.
Öz aramızdı, “sarı-göylər” məlum addımları üzündən ildən-ilə baş məşqçi tapmaq prosesini çətinləşdirir. Nəhayət, danışıq aparılan mütəxəssislər siyahısına bu dəfə əcnəbilərin də əlavə edilməsinin səbəbi məhz bugünə kimi yol verilən səhvlərin təzahürüdü. Görək, bu dəfə xilaskar donunu kim geyəcək? Tutaq ki, “Kəpəz”i xilas etdi, özünü də xilas edə biləcəkmi?
Yeri gəlmişkən...
“Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürov “Qəbələ” ilə oyundan sonra Azər Bağırov haqda belə fikir səsləndirmişdi: “Gərək heç kim hardan gəldiyini unutmasın”. Jurnalistlərin başı nəticəyə qarışdığı üçün nə demək istədiyini soruşan olmadı. Dünən Adil bəydən bu fikrə aydınlıq gətirməyi xahiş etdik. O isə “sadəcə, bir söz idi, dedim, altında heç bir məna yatmır. Açıq fikir olaraq səsləndirdim ki, kim hardan necə gəldiyinu unutmasın. Mənim özümə də aiddi”.
KƏNAN BAHADIR