Əlvida, “Barselona”, əlvida, “Mingəçevir”! - iki futbol layihəsi sual altına düşdü

24.09.2025 00:54
Manşet / Yazarlar
Şənbə günü yayılan xəbər bir anda ölkənin gündəmini zəbt etdi ki, bu da səbəbsiz deyil. Axı SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə futbol ictimaiyyətinə də yaxşı tanışdı. Bu haqda bir qədər sonra.

Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Artıq onun vəkili də mediaya açıqlama verib. Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb. Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”. “Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.

İndi isə Adnan bəyin futbolla bağlı fəaliyyətindən danışaq. O, “Barselona”nın rəhbərliyi və ulduzları ilə dostluq edir. Hətta dünya nəhəngi klubun prezidenti Xuan Laportanı da Bakıya gətirib, onu dövlət başçısı İlham Əliyevlə görüşdürüb. İlham Əliyev martın 1-də Xuan Laporta ilə görüşüb. Görüşdə Azərbaycanda "Barselona" Futbol Akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib. Martın 31-də isə Kataloniya təmsilçisinin rəsmiləri Bakıya səfər ediblər və "ASK Arena"ya baxış keçiriblər. İyulda "Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb. Akademiyanın yerləşəcəyi "ASK Arena"da təmir-bərpa, yenidənqurma işləri aparılır. Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydanın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması "AzFar" şirkəti tərəfindən icra olunur. Bir sözlə, “Barsa”nın ölkəmizə gəlişi yolunda önəmli işlər görülüb. İndi belə çıxır ki, bütün bu işlər yarımçıq qalacaq.

Məhz Əhmədzadənin əməyi (ya da pulu) sayəsində Ronaldinyo, Messi kimi futbol ulduzları ölkəmizə gəlib.

Təkcə “Barsa” layihəsi sual altına düşsəydi, dərdyarı. İş ondadı ki, Əhmədzadənin sahibi olduğu şirkətlərdən biri 1-ci liqada yarışan “Mingəçevir”in sponsorudu. Uzun fasilədən sonra bu şəhərdə iddialı bir klub yaranacaqdı. Çox güman, artıq yaranmayacaq. Ona görə ki, Adnan bəyin ittiham olunduğu maddələr yetərincə ağırdı. O, “Azeri Light” markalı Azərbaycan neftini digər növ xam neftlərlə qarışdırmaqda ittiham olunur. Bundan başqa, Rusiya kəşfiyyatı ilə əlaqədə olması barədə də məlumatlar var.

Kəsəsi, Əhmədzadə ən azı 4 ayı dəmir barmaqlıqlar arasında keçirəcək. Deməli, əlvida, “Barselona”, əlvida, “Mingəçevir”!

ORXAN